“Arsenal” klubu Ekvadorun “Independiente del Valle” komandasında çıxış edən 16 yaşlı əkizlər - Edvin və Holqer Kintero qardaşları ilə razılığa gəlib. Müqavilə onların 18 yaşına çatacağı 2027-ci ilin avqustunda qüvvəyə minəcək.
İdman.Biz xəbər verir ki, ESPN nəşrinin yazdığına görə, qardaşlar klub ilə rəsmi müqavilənin ilkin formalarını tamamlamaq üçün Londona gəliblər.
Mənbəyə görə, “Arsenal” uzunmüddətli transfer strategiyası çərçivəsində bu gənc futbolçulara uzunmüddətli investisiya kimi baxır. Kintero əkizlərinin keçidi yanvar transfer pəncərəsinə bağlı deyil, klub onları 2027-ci ilə hazırlayır.

ESPN-ə görə, “Arsenal” bu iki futbolçunu artıq bir ildir izləyirmiş. Edvin sağ cinah vingeri kimi - sürətli və kreativ - Neymarın gənc versiyasını xatırladır. Holger isə hücuma meyilli yarımmüdafiəçi olaraq qiymətləndirilir. Bu iki mövqe “Arsenal”ın hücum xəttində gücləndirmək istədiyi sahələrdir.
“Independiente del Valle” akademiyası yetirmələrinin keyfiyyəti ilə tanınır. Oradan çıxan futbolçular arasında Moises Kaisedo və Piero İnkape var. Bu kontekstdə Kintero əkizləri ilə razılıq “Arsenal”ın gənclərə investisiya siyasətinin davamıdır.
Rəsmi açıqlama hələ verilməyib və müqavilənin detalları, o cümlədən transfer haqqı gizli saxlanılır.
