Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İspaniyanın “Atletiko” Madrid futbol klubunun rəhbəri Enrike Sereso Torreslə görüş keçirib.
İdman.Biz xəbər verir ki, görüşdə məşhur klubun Qazaxıstanda akademiyasının açılması planları müzakirə olunub.
Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, Sereso Torres Tokayevə Qazaxıstanda futbolun inkişafına yönəlmiş layihənin detalları barədə məlumat verib. Layihə Almatı vilayətinin Talqar rayonunda yerləşən Akbulak Olimpiya Mərkəzinin bazasında “Atletiko” akademiyasının yaradılmasını nəzərdə tutur.
Bəyanatda qeyd olunur ki, Qazaxıstan Prezidenti bu təşəbbüsü yüksək qiymətləndirib və ölkədə futbolun inkişafına yönəlmiş bu layihəyə dövlət tərəfindən hərtərəfli dəstək göstəriləcəyinə əmin edib.
Tokayev vurğulayıb ki, futbol Qazaxıstan üçün prioritet sahədir və hazırda təxminən 40 min uşaq bu idman növü ilə məktəblərdə və bölmələrdə məşğul olur, eyni zamanda idman infrastrukturunun aktiv şəkildə modernləşdirilməsi aparılır.
Sereso Torresin sözlərinə görə, “Atletiko” akademiyaları dünyanın bir çox ölkəsində uğurla fəaliyyət göstərir və gənc istedadların potensialının üzə çıxarılması üçün məşqçilərin hazırlanmasına və qabaqcıl metodikaların tətbiqinə xüsusi diqqət yetirilir.
