Bu gün Bakı Media Mərkəzi “Qarabağ” futbol klubunun Avropa səfərlərini, tarixini və mənəvi yolunu əks etdirən “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin son - üçüncü bölümünü rəsmi “YouTube” kanalında tamaşaçılara təqdim edəcək.
İdman.Biz xəbər verir ki, üç hissədən ibarət sənədli film “Qarabağ”ın həm yerli arenada, həm də avrokuboklarda qazandığı uğurları, Ağdamın işğalından sonra “İmarət” stadionunun taleyini və klubun keçmiş futbolçularının xatirələrini əhatə edir.
Eyni zamanda filmə xarici media nümayəndələrinin və futbolçuların “Qarabağ” və “İmarət”lə bağlı hazırladıqları materiallardan da xüsusi görüntülər daxil edilib.
“Ədalət” adlanan üçüncü bölümdə klubun dünya futbol ictimaiyyətində artan nüfuzu, Avropa turnirlərində göstərdiyi oyunlar və bəzən üzləşdiyi hakim səhvləri fonunda nümayiş etdirdiyi “Fair Play” mövqeyi əks olunub.
Filmin təqdimatı bu gün saat 21:00-da Bakı Media Mərkəzinin rəsmi “YouTube” kanalında baş tutacaq.
