“Xıdırlı” FK-nın texniki məğlubiyyəti ləğv edildi: Oyunun ikinci hissəsi yenidən keçiriləcək

Xəbərlər
12 Yanvar 2026 11:08
41
“Xıdırlı” FK-nın texniki məğlubiyyəti ləğv edildi: Oyunun ikinci hissəsi yenidən keçiriləcək

AFFA Region Liqasında 21 dekabr 2025-ci ildə keçirilmiş “Xıdırlı” FK – “Viləş” PFK oyunu ilə bağlı Apellyasiya Arbitraj Tribunalı qərarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, “Xıdırlı” Futbol Klubunun apellyasiya şikayəti qismən təmin olunub.

Qərara əsasən, İntizam Komitəsinin 26 dekabr 2025-ci il tarixli qərarı qüvvədə saxlanılıb: komandanın 8 nömrəli futbolçusu Rəsul Hacıyev rəqibə fiziki təzyiq göstərdiyinə görə 3 oyunluq diskvalifikasiya olunub, həmçinin azarkeşlərin meydançaya daxil olaraq rəqib futbolçulara təzyiq göstərməsi səbəbindən klub növbəti 2 oyunu azarkeşsiz keçirəcək.

Bununla yanaşı, Apellyasiya Arbitraj Tribunalı İntizam Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq “Xıdırlı” FK-nın təqsiri olmadığı müəyyən edilib və komandanın 0:3 hesablı texniki məğlubiyyəti ləğv olunub. Qərara görə, oyunun ikinci hissəsi neytral stadionda yenidən keçiriləcək.

İdman.Biz