2026-cı il dünya çempionatının Avropada seçmə mərhələsi yekunlaşmaq üzrədir, lakin hələ də dörd boş yer qalır.
İdman.Biz-in məlumatına görə, həmin vəsiqələr 16 komandanın iştirakı ilə keçiriləcək pley-off mərhələsində sahibini tapacaq - seçmə qruplarında ikinci yeri tutan 12 komanda və 2024/2025 Millətlər Liqasının nəticələrinə əsasən pley-offa vəsiqə qazanan dörd iştirakçı (Rumıniya, İsveç, Şimali İrlandiya və Şimali Makedoniya).
Kimlər pley-offda iştirak edir və püşk nə vaxt atılacaq
Komandaların tam siyahısı belədir:
Albaniya, Bosniya və Herseqovina, Çexiya, Danimarka, İtaliya, Kosovo, Polşa, İrlandiya, Slovakiya, Türkiyə, Ukrayna, Uels, Rumıniya, İsveç, Şimali İrlandiya və Şimali Makedoniya.
Pley-off oyunlarının püşkü bu ilin 20 noyabr tarixində, cümə axşamı, İsveçrənin Sürix şəhərində, FIFA-nın qərargahında atılacaq. Başlanğıc Bakı vaxtı ilə 16:00-a planlaşdırılıb. Məhz bu mərasim dörd pley-off yolunu və yarımfinal cütlərini müəyyən edəcək.
Format: dörd istiqamət, dörd komanda
Pley-off-un formatı mümkün qədər sadədir:
16 komanda dörd yola (A, B, C, D) bölünür, hər birində dörd yığma yer alır. Hər yolda iki yarımfinal və bir final keçirilir. Bütün oyunlar tək matçdan ibarət olur, cavab qarşılaşması keçirilmir.
Nəticədə finalın dörd qalibi Avropanın son mundial vəsiqələrinə sahib olacaq. Pley-off yollarının yarımfinal görüşləri 26 mart 2026-cı ildə, final qarşılaşmaları isə 31 martda baş tutacaq.
Komandalar səbətlər üzrə necə bölünür
Püşkatmadan əvvəl yığmalar FIFA reytinqinə əsasən sıralanır:
ilk 12 yeri - seçmə mərhələdə ikinci olan komandalar, son dörd yeri isə Millətlər Liqasından gələn komandalar tutur. Bundan sonra onlar dörd səbətə bölünür:
Səbət 1 – seçmə qruplarının dörd ən yaxşı ikincisi,
Səbət 2 – növbəti dörd komanda,
Səbət 3 – qalan ikinci yeri tutan komandalar,
Səbət 4 – Millətlər Liqasından gələn dörd komanda.
Cütlər necə formalaşdırılır
Püşkatma aydın prinsip üzrə aparılır:
Əvvəlcə 1-ci səbətdən komandalar çıxarılır – onlar 1-ci, 3-cü, 5-ci və 7-ci yarımfinalların meydan sahibi olur. Daha sonra 2-ci səbətdən komandalar çıxarılır - onlar 2-ci, 4-cü, 6-cı və 8-ci yarımfinalların meydan sahibi olur.
Bundan sonra 3-cü səbətin komandaları 2-ci səbətin cütlərinə qonaq kimi əlavə edilir, 4-cü səbətin komandaları isə 1-ci səbətin komandalarına rəqib olur. Beləliklə, hər yolda iki yarımfinal cütü formalaşır.
Həmçinin hər yol üçün final matçının meydan sahibini müəyyənləşdirən mini-püşkatma keçirilir.
Beləcə, dörd mini-turnir formalaşır və onların hər birində qalib komanda dünya çempionatına vəsiqə əldə edəcək.
Teymur Tuşiyev
