“Qarabağ”la oyun Konte üçün həlledici ola bilər - İDMAN.BİZ-in TƏHLİLİ

Xəbərlər
18 Noyabr 2025 13:47
45
“Qarabağ”la oyun Konte üçün həlledici ola bilər - İDMAN.BİZ-in TƏHLİLİ

“Napoli”nin Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirəcəyi qarşılaşma Antonio Kontenin İtaliyadakı gələcək karyerası üşün həlledici ola bilər.

İdman.Biz-in “La Repubblica”ya istinadən verdiyi məlumata görə, qarşıdakı üç oyun - A Seriyasında “Atalanta” və “Roma” ilə matçlar, həmçinin Çempionlar Liqasında “Qarabağ”la görüş - Kontenin “Napoli”dəki taleyi üçün həlledici hesab olunur. Məhz bu mərhələnin yekunlarına əsasən klub rəhbərliyi məşqçinin vəziyyəti yaxşılığa doğru dəyişməyə qadir olub-olmadığını qiymətləndirəcək.

Böhranın səbəbi kimi komandanın “Bolonya”ya 0:2 hesabı ilə ağır məğlubiyyəti göstərilir. Bu oyundan sonra Konte mətbuat konfransında futbolçuları xarakter və məsuliyyət çatışmazlığına görə sərt tənqid etmişdi. Neapolda bu açıqlama komanda daxilində ciddi problemlərin siqnalı kimi qəbul olunub. Xüsusilə nəzərə alsaq ki, məhz Konte ötən mövsüm “Napoli”ni A Seriyasının çempionu etmişdi.

Bu fonun davamında Konte özünəməxsus olmayan şəkildə əlavə fasilə alıb: o, təxminən bir həftə komandanın yanında olmayıb. Futbolçular isə Kastyel Volturnoda məşqləri onun assistenti Kristian Stellini və komanda meneceri Leonardo Orialinin rəhbərliyi altında davam etdiriblər. İtaliya KİV-i bu fasilənin klubla razılaşdırıldığını bildirsə də, hadisə ehtimal olunan narazılıq və mümkün ayrılıqla bağlı yeni müzakirələrə səbəb olub.

Eyni zamanda mətbuatda Kontenin gedişi halında mümkün ssenarilər və potensial əvəzləyicilər də müzakirə olunurdu. Lakin klubun rəsmi mövqeyi fərqli idi: İtaliya mətbuatının yazdığına görə, prezident Aurelio De Laurentiis məşqçiyə tam dəstəyi vurğulayıb və azarkeşlərin təzyiqinə, eləcə də uğursuz nəticələrə baxmayaraq, dərhal müqavilənin pozulmasını nəzərdən keçirməyib.

Hazırda Konte artıq komandaya qayıdıb və fasilədən sonra ilk məşqi keçirib. O, “Atalanta” ilə oyuna və ardından “Qarabağ”la səfər görüşünə hazırlaşır. İtalyan jurnalistləri əmindirlər ki, bu oyunlar blokunda komandanın sabitliyini və inamını bərpa edib-etməyəcəyi aydın olacaq. “Qarabağ”la matç isə yalnız turnir baxımından yox, həm də Kontenin postunu qoruması üçün əsas imtahanlardan biri kimi dəyərləndirilir.

“Qarabağ” və “Napoli” arasında oyun noyabrın 25-də Neapoldakı Dieqo Maradona stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə 23:59-da başlayacaq. ÇL-in əsas mərhələsinin dörd turundan sonra Ağdam təmsilçisi yeddi xalla 15-ci, “Napoli” isə dörd xalla 24-cü yerdə qərarlaşıb.

Teymur Tuşiyev

İdman.Biz