“Birinci dövrəni komanda üçün qənaətbəxş hesab etmirik. Bəxt bizdən üz döndərdi”.
Bu sözləri “Karvan-Yevlax”ın vitse-prezidenti Kənan Kərimov deyib.
Futbol funksioneri komandasının Misli Premyer Liqasının birinci dövrəsində çıxışını dəyərləndirib:
“Çempionluq uğrunda mübarizə aparan üç komanda ilə oyunda məğlub olduq ki, onlarla oyunlarda ən azı 4 xal götürsəydik, turnir cədvəlində daha yaxşı yerdə olardıq. Mövsümə uğurlu başlamışdıq. Getdikcə bəzi futbolçuların zədələnməsi təsirini göstərdi. Peşəkar Futbol Liqasının qərarından sonra “Kəpəz”i Yevlax şəhər stadionunda qəbul edəcəyik. Çalışacağıq ki, azarkeşlərimiz önündə nəticələrimizi yaxşılaşdıraq. Nəticə ilə bağlı baş məşqçi Azər Həşimovla söhbətimiz olub. Yeni qurulmuş komandayıq. Baş məşqçiyə vaxt vermək lazımdır. Futbolda məğlubiyyət qaçılmazdır”, - deyə sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, “Karvan-Yevlax” ilk dövrlərdən sonra 5 xalla 11-ci pillədə qərarlaşıb.
