“Sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün sonra möhtəşəm Zəfərlə başa çatdı. İndi də həmin günləri xatırlayanda təsirlənirəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 44 günlük Vətən müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərə könüllü qatılan “Qəbələ” komandasında oynayan məşqçisi Asif Məmmədov deyib.
O, Vətən müharibəsində iştirak etməyinin onun üçün qürurverici məqam olduğunu söyləyib: “Həmin vaxt hamı bir olub cəbhəyə getmək üçün çalışırdı. Birlik olan yerdə hər zaman Qələbə olur. Xalqımız bunu dünyaya sübut etdi. Şəhidlərimiz və qazilərimiz oldu. Bu da müharibədə normaldır. Biz müdafiədə idik. Əlbəttə, həmin vaxt orada tanınmış idmançıların olması döyüşçülərə və gənc əsgərlərə əlavə həvəs verirdi”.
Əslən Ağdam rayonunun Abdal-Gülablı kəndindən olan A.Məmmədov səbirsizliklə doğma yurduna qayıdacağı günü gözlədiyini deyib: “Müharibədən sonra gedib evimizi tapdım və ailəmə də göstərdim. Prezident, Ali Baş Komandan İlham Əliyevin, şəhid və qazilərimizin sayəsində insanlar öz yurdlarına geri döndülər. Artıq həmin yerlərdə yüksək səviyyədə yenidənqurma işləri gedir. Biz dövlətimizlə qürur duyuruq”.
Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ”də çıxış edən yarımmüdafiəçi 2006/2007-ci illər mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib. O, Azərbaycan millisinin heyətində bir oyun keçirib.
