“Arsenal”ın baş məşqçisi Mikel Arteta, komandanın hücumçusu Viktor Dyekereşin sağlamlıq durumuna dair açıqlama verib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə danışıb.
Arteta bildirib ki, Viktor Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün baş tutacaq “Slaviya” - “Arsenal” qarşılaşmasına çıxa bilməyəcək:
"Onun bu oyunda meydana çıxmayacağı dəqiqdir. Bu gün məşqə qatılmadı, qarşıdakı günlərdə bir neçə test və müayinədən keçəcək. Zədənin dərəcəsini qiymətləndirməliyik, amma “Slaviya” ilə matçda iştirak edə bilməyəcək.
Narahatam, çünki onun əvvəllər ciddi əzələ problemi olmayıb. Lakin bu dəfə narahatlıq hiss etdiyi üçün meydanı tərk etməli oldu. Bu, xüsusilə əzmkar oyun tərzinə malik futbolçu üçün yaxşı əlamət deyil. Durumu daha dərindən araşdıracağıq və zədənin nə qədər ciddi olduğunu biləndən sonra məlumat verəcəyik”.
        
                        
                        
                        
                        
                        
                        
                        
                    
                    
                    
                    