Portuqaliyalı futbol mütəxəssisi Joze Mourinyo 2013-cü ildə “Real Madrid”dən ayrılmasının səbəbini açıqlayıb.
İdman.Biz xəbər verir ki, hazırda Madrid klubunun baş məşqçisi olan portuqaliyalı mütəxəssis bu barədə “Real Madrid” Universitetinin 2026/27-ci tədris ilinin açılış mərasimində danışıb.
63 yaşlı çalışdırıcı həmin vaxt komandada qalmaq imkanının olduğunu, lakin klubun maraqlarını nəzərə alaraq ayrılmağa qərar verdiyini bildirib.
“2013-cü ildə "Real Madrid"də qala bilərdim, amma kluba sevgimə görə ayrıldım. Həmin vaxt komandanın artıq mənim profilimdə olan məşqçiyə ehtiyac duymadığını düşünürdüm”, - Mourinyo deyib.
Mütəxəssis 13 il İspaniyadan kənarda çalışmasının ona “Real Madrid”ə başqa ölkələrdə necə münasibət bəsləndiyini daha yaxşı anlamağa kömək etdiyini də qeyd edib.
Mourinyo çıxışı zamanı atasının da Madrid klubunun böyük azarkeşi olduğunu xatırladıb. O, atasının Alfredo Di Stefanoya xüsusi rəğbət bəslədiyini və futbolçu karyerasının ən yaddaqalan hadisələrindən birinin Santyaqo Bernabeuda keçirilən Fransisko Gentonun şərəfinə vida matçı olduğunu söyləyib.
Qeyd edək ki, Mourinyonun “Real Madrid”də ilk iş dövrü 2013-cü ildə başa çatıb. Həmin mövsüm Madrid təmsilçisi İspaniya çempionluğu uğrunda mübarizədə “Barselona”ya uduzub, ölkə kubokunun finalında “Atletiko”ya məğlub olub və UEFA Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandırıb. Bundan sonra tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər və portuqaliyalı mütəxəssis Londonun “Çelsi” klubuna qayıdıb.
