Braziliyada futbolçuların və məşqçilər korpusunun əməkhaqlarını gecikdirən klublara qarşı sərt sanksiya tətbiq olunacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.
Qərara əsasən, 2028-ci ildən etibarən futbolçuların və məşqçilərin maaşlarını vaxtında ödəməyən klublar çempionatda 3 xal itirəcəklər.
Yeni qaydalara görə, komandalar Braziliya çempionatının startına 20 gün qalmış Futbolun Tənzimlənməsi və Dayanıqlığı üzrə Milli Agentliyə (ANRESF) futbolçuların və məşqçilər heyətinin əməkhaqları ilə bağlı gecikmiş ödənişlərinin olmadığını təsdiqləməlidirlər. Tələbi yerinə yetirməyən klublar turnirə mənfi 3 xalla başlayacaqlar.
Bundan başqa, iclasda 2027-ci ildən futbolçuların eyni divizionda mübarizə aparan klublar arasında keçidinə qoyulan məhdudiyyətin aradan qaldırılması barədə də qərar qəbul olunub.
Qeyd edək ki, yeni qərarlar Braziliya futbolunda maliyyə intizamının gücləndirilməsinə yönəlib.
