İngiltərə Premyer Liqasında illərdir davam edən ənənə dəyişir

Xəbərlər
29 Oktyabr 2025 11:24
49
İngiltərə Premyer Liqasında illərdir davam edən ənənə dəyişir

İngiltərə Premyer Liqasında illərdir davam edən “Boxing Day” bayram turu əvvəlki kimi sıx keçirilməyəcək.

İdman.Biz xəbər verir ki, ənənəyə görə komanda və azarkeşlər Milad günlərində ardıcıl oyunlarla futbol bayramı yaşayırdı. Ötən mövsüm bir həftə ərzində üç tur oynanılmışdı.

Bu mövsümdən etibarən isə cədvəldə dəyişiklik ediləcək və bayram günlərində yalnız bir tur baş tutacaq. “Daily Mail” yazır ki, buna səbəb komandaların çox yüklənmiş oyun qrafikidir. İngiltərə Kubokunun qarşılaşmaları yalnız həftəsonları keçiriləcək.

Liqa rəhbərliyi bildirir ki, futbol bayramdır, amma futbolçuların sağlamlığı daha vacibdir.

Qeyd edək ki, “Boxing Day” 26 dekabr tarixində qeyd edilən bayram günüdür. Futbolda isə bu günün özünəməxsus ənənəsi var. İngiltərə Premyer Liqası və aşağı liqalarda ardıcıl oyunlar keçirilir. Komandalar Milad tətili zamanı belə oyunlardan yayınmır. İngilis futbolunun ən köhnə və qorunan ənənələrindən biridir. Adını isə əvvəllər bu gün yoxsullara hədiyyə qutuları (“boxes”) paylanmasından götürüb.

İdman.Biz