"Çempionlar Liqasında oynamaq asan deyil, bu mərhələdə iki oyun qazanmaq böyük uğurdur".
Bunu “Çelsi”nin əfsanələrindən olan, bir müddətdə Azərbaycanda “Səbail”də çıxış edən qanalı ulduz Maykl Essyen futbolinfo.az-a müsahibəsində deyib.
– “Çelsi” və “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində qarşılaşacaq. Bu oyun haqqında fikirləriniz nədir?
– Bu, yaxşı oyun olmalıdır. Hər iki komanda Çempionlar Liqasında bəzi oyunlarını qazanıb və öz şanslarına güvənirlər. Ümid edirəm, gözəl oyun olacaq.
– “Çelsi” favorit sayılır. Sizcə, “Qarabağ” necə xal qazana bilər?
– “Çelsi”nin aşkar favorit olduğunu deməzdim. Çünki liqa formatı əvvəlki ev-səfər oyunları kimi deyil, tək oyundan ibarətdir. “Qarabağ” isə evdə oynayacağı üçün özünəinamlı olacaq. Düşünürəm ki, açıq oyun keçəcək, nəticəni keyfiyyət və istək müəyyən edəcək.
– “Qarabağ”ın oyunlarına baxmısınızmı? Onlar Çempionlar Liqasında iki oyunda qələbə qazanıblar.
– Onların bəzi oyunlarının xülasələrinə baxmışam və yaxşı çıxış ediblər. Çempionlar Liqasında oynamaq asan deyil, bu mərhələdə iki oyun qazanmaq böyük uğurdur.
– Azərbaycan futbolunu izləyə bilirsizmi?
– Təlim və oyun proqramım adətən Azərbaycan oyunları ilə eyni vaxta düşdüyü üçün canlı baxa bilmirəm. Amma vaxtım olanda xülasələrə baxıram.

Xatırladaq ki, Maykl Essyen 2019-20-ci illərdə “Səbail” forması geyib. Lion “Olimpik”i, “Real”, “Milan” və “Panatinaikos”da çıxış etmiş 42 yaşlı sabiq futbolçu 2005-12-ci illərdə “Çelsi”də böyük uğurlar qazanıb.
