“Bizi yalnız qələbə qane edirdi. Ancaq çox təəssüf ki, yekunda uduzduq. Gözlənilməz məğlubiyyət oldu. Məncə, oyunun qırılma nöqtəsi qırmızı vərəqə almağımız idi”.
Bu sözləri sport24.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Əli Səmədov deyib.
“Sarı-göylər”in kapitan komandasının Misli Premyer Liqasının 9-cu turunda “İmişli”yə məğlubiyyətini şərh edib:
“Vərəqəyə qədər normal oyun gedirdi. Məhz vərəqədən sonra, ilk hissənin sonlarında qol buraxdıq. İlk qələbəmizi ötən tur qazanmışdıq və ardını gətirmək istəyirdik. Dediyim kimi, bunun alınmamasının səbəbi qırmızı vərəqə oldu. Azlıqda qalsaq da, pis oynamadıq. Qol vurmaq üçün irəli atıldıq, rəqib əks-hücumlarda bizi cəzalandırdı. Az oynamağımın səbəbi? Baş məşqçi ilə bu barədə söhbətim olmayıb. Kapitanam, meydanda və ya meydandan kənarda komandama dəstək oluram. Az oynasam da, komandamın yanındayam. Təki “Kəpəz”in nəticələri uğurlu olsun”.
Qeyd edək ki, “Kəpəz” 9 turdan sonra cəmi bir qələbə qazanıb.
