Fransa Liqa 1-in 9-cu turunda “Lion” doğma meydanda “Strasburq”u qəbul edib.
İdman.Biz xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqlar hesabı 25-ci dəqiqədə Xoakin Paniçellinin qolu ilə açıblar. Cəmi 6 dəqiqə sonra “Strasburq” futbolçusu İsmael Dukure topu öz qapısından keçirməklə hesabı bərabərləşdirib. 44-cü dəqiqədə “Lion”un yarımmüdafiəçisi Korenten Tolisson penalti imkanı ilə komandasını önə çıxara bilməyib.
İkinci hissədə “Strasburq” meydanda azlıqda qalıb - İsmael Dukure qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Matçın taleyini isə 90+1-ci dəqiqədə “Lion”un hücumçusu Afonçu Moreyra həll edib. O, həlledici qolu vuraraq komandasına qələbə qazandırıb.
Qeyd edək ki, bu nəticədən sonra “Lion” 9 oyundan sonra 18 xal toplayaraq Liqa 1-də 4-cü pilləyə yüksəlib. “Strasburq” isə 16 xalla 7-ci yerdə qərarlaşıb.
