Elvin Məmmədov: “Liderə qarşı oynayırsansa, səfərdə bir xal götürmək pis nəticə deyil” - MÜSAHİBƏ

Müsahibə
24 Oktyabr 2025 14:56
38
Elvin Məmmədov: “Liderə qarşı oynayırsansa, səfərdə bir xal götürmək pis nəticə deyil” - MÜSAHİBƏ

“Futbolçular da, biz də bunun fərqindəydik. Qalib gəlsəydik də, böyük bir şey olası deyildi”.

Bunu I Liqada çempionluğa iddialı olan “Səbail”in baş məşqçisi Elvin Məmmədov 6-cı turun “Şəfa”(2:2) ilə görüşündən sonra sportal.az-a müsahibəsində bildirib.

Həmin müsahibəni təqdim edirik:

- “Şəfa” ilə görüşdə 2:2 oynadınız. Nəticə sizi nə dərəcədə razı saldı?

- Qələbə qazansaq, daha yaxşı olardı. Amma liderə qarşı oynayırsansa, səfərdə bir xal götürmək pis nəticə deyil. Liqa yeni başlayıb, 6-cı tur gedir. Hələ oyunlar qarşıdadır, hansı komandalar xal itirəcək sual altındadır. Hər kəs mübarizə aparır.

- “Şəfa” qalib gəlsəydi, xal fərqi 5-ə yüksələcəkdi. Bu mənada, gərginlik hiss olunurdu?

- Futbolçular da, biz də bunun fərqindəydik. Qalib gəlsəydik də, böyük bir şey olası deyildi. Çünki 6-cı tur var, qarşıda oyunlar var. Hər halda, uduzmadıq və bir xal da pis nəticə deyil.

- Hər iki qolu da demək olar ki, standart vəziyyətdən vurdunuz. Bu, məhz “Şəfa” ilə oyunun tapşırığı idi?

- Bu, sırf məşqçilərimizə və mənə aiddir. Biz də inkişaf etməyə çalışırıq. Əlbəttə ki, hər kəsin gedişatı var. Rəqibə uyğun edirik. Bu da alındısa, lap gözəl.

- Rəhman Hacıyev “Şəfa” ilə matçda meydana sonradan çıxdı. Zəif oyununa görə kənarda qalmışdı?

- Xeyr. Rəhmanın ağrıları var idi.

- Birinci hissə kifayət qədər maraqlı keçdi, 4 qol izlədik. İkinci hissədə nə dəyişdi, nə baş verdi?

- Əslində, 2 komanda da bir az geri çəkildi. Epizodlarla biz sıxırdıq, onlar sıxırdı. Bu liqada belə oyunlar olacaq, top hardadırsa oyunçular orada mübarizə aparacaq. Lider komandaların oyunu olsa belə, o cəhətdən prolemlər var. 10 dəqiqə biz pressinq etdik, 10 dəqiqə “Şəfa” etdi. İki komanda da diqqətli idi.

- Özünüz bu dəqiqə bu liqada 10-15 dəqiqə oynaya bilərsiz?

- Bu dəqiqə üçün yox. Bəlkə 1 ay forma yığdıqdan sonra oynamaq olar. Düzü, ağlımdan keçməyib. “Şəfa”ya qarşı oyun bu liqa üçün pis deyildi. Amma təbii ki, tempi qaldırmaq lazımdır. Birinci turda “Mingəçevir”ə qarşı oyunumuz daha maraqlı idi. “Şahğda-Qusar”a qarşı görüş də sürətli və maraqlı alındı. “Şəfa”ya qarşı matçda isə temp aşağı idi.

- Legionerlərinizdən nə dərəcədə razısız?

- Bir şeyi qeyd edək ki, o büdcə ilə Premyer Liqadan futbolçular istəyə bilməzsən. I Liqa və ödədiyimiz məbləğ üçün pis legionerlər deyillər.

İdman.Biz