“Sumqayıt”a uyğunlaşmağımda məşqçilər heyətinin və komanda yoldaşlarımın böyük rolu oldu”.
Bu sözləri “Futbolpress.az“a açıqlamasında “kimyaçılar”ın futbolçusu Abdul Raşid Mumini söylədi. Bir müddətdir zədəli olan cinah oyunçusu durumunun yaxşıya doğru getdiyini dedi:
“İndi özümü çox yaxşı hiss edirəm. Ümid edirəm ki, bərpa prosesim tez tamamlanacaq”.
Bu yay heyətə cəlb edilən 20 yaşlı futbolçu komandaya uyğunlaşmasından, Azərbaycan Premyer Liqasının səviyyəsindən söz açıb:
“Uyğunlaşma prosesim yaxşı keçdi. Bunda komanda yoldaşlarımın və məşqçilərimin böyük əməyi oldu. Hər kəsə təşəkkür edirəm. Azərbaycan Premyer Liqası çox maraqldır. Həm səfər, həm ev oyunları yaxşı keçir. Rəqabət var, hər matçda ciddi müqavimətlə üzləşirsən. Burda əvvəldən rahatlıqla kimin kimə qalib gələcəyini təxmin edə bilmirsən”.
Raşid komandanın və özünün hədəflərinə toxunub:
“Möhtəşə mövsüm keçiririk. Potensialımız var və bundan daha yaxşısını edə bilərik. Mənim məqsədimə gəlincə, hədəfim avrokuboklarda oynamaqdır. Bunun üçün komanda ilə yaxşı nəticə göstərmək və Avropa biletini almalıyıq. Sumqayıt futbol şəhəridir, burda futbolu sevirlər. Sumqayıt həm də gözəl şəhərdir və insanlar çox mehribandır”.
Benin yığmasının da üzvü olan müdafiəçi DÇ-2026-ya vəsiqə qazana bilməmələrinə də münasibət bildirib:
“Seçmə mərhələdə yaxşı nəticələr qazanırdıq. Ancaq son anda mundiala vəsiqə qazana bilmədik. Bunlar da futbolun bir parçasıdır. Ümid edirəm ki, gələcək illərdə bunu bacararıq”.
