"Bir neçə aspektdən - rəqib, hava şəraiti baxımından mürəkkəb oyun idi".
İdman.Biz xəbər verir ki. bu sözləri "İmişli"nin futbolçusu Dioqo Rollo sport24.az-a açıqlamasında deyib.
Braziliyalı mərkəz müdafiəçisi komandasının Misli Premyer Liqasının 8-ci turunda "Qəbələ" ilə matçını şərh edib:
"2:0 hesabı ilə geridə olmağımıza baxmayaraq, oyundan qopmayaraq 90 dəqiqəni heç-heçə bitirməyimiz komanda ruhunun, dözümlülüyün və məqsədimiz uğrunda sona qədər mübarizə aparmaq əzmimizin göstəricisidir. Bu nəticə təkcə futbolçularımız və heyət üçün deyil, həm də İmişlini təmsil edən hər kəs üçün böyük motivasiya mənbəyidir. 8 turun yekunlarına əsasən çıxışımızı ümumilikdə müsbət qiymətləndirirəm. Təhlillər göstərir ki, uduzduğumuz oyunlarda fərqi yaradan amillər cüzi detallardan ibarət olub. Hazırda həmin məqamlar üzərində sistemli şəkildə işləyirik ki, bu tip səhvləri gələcəkdə təkrarlamayaq. Komandamız mövsümün bu mərhələsində həm fiziki, həm də psixoloji baxımdan möhkəm, həmçinin özünə tam inamlıdır.
Növbəti oyuna gəlincə, deyə bilərəm ki, rəqib güclü və intizamlı komandadır, bu baxımdan qarşılaşmanın maraqlı və gərgin keçəcəyini düşünürəm. Onlara qarşı yenidən oynamağı səbirsizliklə gözləyirəm. Ötən il Azərbaycan Kubokunda "Kəpəz"lə oyun bizim üçün uğursuz alınmışdı və 1:0 hesabı ilə məğlub olmuşduq. Bu dəfə isə daha yaxşı nəticə əldə etmək və oyundan müsbət emosiyalarla ayrılmaq niyyətindəyik".
Qeyd edək ki, "İmişli" - Qəbələ" matçı 2:2 hesabı ilə bitib.