“Qarabağ”a qol vuran Robert Navarro: “Azərbaycan klubuna qarşı oyunda əziyyət çəkdik”

Xəbərlər
23 Oktyabr 2025 10:55
69
“Qarabağ”a qol vuran Robert Navarro: “Azərbaycan klubuna qarşı oyunda əziyyət çəkdik”

UEFA Çempionlar Liqasının (ÇL) ümumi mərhələsinin III turunda doğma divarlar arasında “Atletik”in heyətində “Qarabağ”ın qapısına vurulan üçüncü qolun müəllifi Robert Navarro qarşılaşma haqqında təəssüratlarını bölüşüb.

İdman.biz xəbər verir ki, “Diario AS” nəşrinə müsahibə verən 23 yaşlı futbolçu komandasının ÇL-da ilk qələbəsində pay sahibi olduğu üçün özünü xoşbəxt hiss etdiyini açıqlayıb.

“Matç çox gərgin alındı, oyunun tempi dəyişirdi. Rəqib intensiv oynayırdı və boş zonalar buraxırdı. Mən topu Aleks Berenqerdən istədim və düşünmədən zərbə endirdim. Baş məşqçi tez-tez mənə hücumları yekunlaşdırmağı tapşırır. İlk dəqiqədə qol buraxandan sonra, oyunu yenidən başlamaq asan olmur, amma biz bu qələbəni haqq etdik. Biz bu Çempionlar Liqasında rəqabət aparmaq iqtidarındayıq və doğma divarlar arasında daha da güclü oyun nümayiş etdirməliyik”, - deyə Navarro vurğulayıb.

Futbolçu əlavə edib ki, “Qarabağ”ın qapısına vurduğu o zərbəyə əvvəlcədən hazırlaşıb, eyni zamanda, rəqibin yüksək səviyyəli komanda olduğunu bildirib:

“İki həftə ərzində belə zərbələr üzərində çalışırdım. Dortmunda da mənim üçün bir şans olmuşdu, bu gün isə alındı və komandama yardım edə bildiyim üçün çox şadam. Elit səviyyəli futbolda istənilən rəqib güclü mübarizə aparır. “Qarabağ” ən məşhur liqanı təmsil etməsə də, “Kopenhagen” və “Benfika” ilə oyunlarda maksimum xal toplamışdı. Biz də “Qarabağ”la matçda əziyyət çəkdik, amma sonda üç xal qazandığımıza görə çox şadıq”.

Xatırladaq ki, üç turdan sonra “Qarabağ”ın aktivində altı xal var və o, turnir cədvəlində 13-cü yeri tutub. Dördüncü turda “Qarabağ” 5 noyabrda Bakıda “Çelsi” ilə qarşılaşacaq.

Teymur Tuşiyev

İdman.Biz