Poçettino “Mançester Yunayted”ə vurulduğu tarixi gecəni açıqladı

19 Noyabr 2026 18:29
46
Poçettino “Mançester Yunayted”ə vurulduğu tarixi gecəni açıqladı

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino İngiltərə klubuna marağının yaranmasında xüsusi rol oynayan tarixi qarşılaşmadan danışıb.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssis 1999-cu ildə “Mançester Yunayted”in “Bavariya”nı 2:1 hesabı ilə məğlub etdiyi UEFA Çempionlar Liqasının finalını stadiondan izlədiyini açıqlayıb.

“Barselonada keçirilən həmin finalda mən də var idim. İndiki köməkçim Toni Ximenes də orada idi. Biz tribunadan “Mançester Yunayted”ə azarkeşlik edirdik. Bu komandanı izləmək məni çox həyəcanlandırırdı. Möhtəşəm oyun idi. Belə qarşılaşmalarda yerindən ayrıla bilmirsən, çünki baş verənlər səni inanılmaz dərəcədə həyəcanlandırır”, - deyə Poçettino bildirib.

54 yaşlı mütəxəssis matçın son dəqiqələrində yaşananların onda unudulmaz təəssürat yaratdığını vurğulayıb:

“Finalın sonunda baş verənlər... Bu komandaya rəğbət bəsləməmək mümkün deyildi. Həmin möhtəşəm xatirədən sonra “Mançester Yunayted”i, ser Aleks Ferqyusonu və klubun əfsanəvi futbolçularını daha yaxından izləməyə başladım”.

Qeyd edək ki, 1999-cu il mayın 26-da Barselonadakı “Kamp Nou” stadionunda keçirilən finalda “Bavariya” uzun müddət hesabda öndə olsa da, “Mançester Yunayted” əlavə olunmuş dəqiqələrdə Teddi Şerinqem və Ule Qunnar Sulşerin qolları ilə tarixi geridönüşə imza ataraq Çempionlar Liqasının qalibi olub.

İdman.Biz