“Şəfa”nın kapitanı “Səbail”lə bugünkü oyundan nə gözləyir?

Xəbərlər
23 Oktyabr 2025 10:27
45
“Şəfa”nın kapitanı “Səbail”lə bugünkü oyundan nə gözləyir?

I Liqanın VI turu gərgin mübarizəyə səhnə olacaq.

Çempionluq uğrunda mübarizə aparan “Şəfa” ötən mövsüm tərk etdiyi Premyer Liqaya qayıtmağı hədəfləyən “Səbail”i qəbul edəcək.

“Şəfa”nın kapitanı Tərlan Quliyev bu gün Binə qəsəbə stadionunda keçiriləcək qarşılaşma barədə fanat.az-a fikirlərini bildirib.

Təcrübəli müdafiəçisi vurğulayıb ki, “Səbail”in heyətindəki futbolçuların 70-80 faizi Premyer Liqa görmüş oyunçulardır: "Rəqibin heyətində matçın gedişatını hər an dəyişə biləcək futbolçular var. Hər iki komandanı maraqlı və gərgin mübarizə gözləyir. Biz rəqibin kimliyindən asılı olmayaraq, bütün matçlara ciddi hazırlaşırıq və meydana qələbə üçün çıxırıq. Qarşımıza çempionluq məqsədi qoymuşuq. Heyətimizdəki oyunçular da çempionluğa layiq futbolçulardır.

Əlbəttə, futboldur, istənilən nəticə qeydə alına bilər. Bu qarşılaşma mənim üçün də yeni bir təcrübə olacaq. Hələ VI turdur. Məlum məsələdir ki, əsas mübarizə irəlidədir. Yəni “Səbail”lə mövsümün ilk qarşılaşması çempionluğun taleyini həll etməyəcək. Ancaq bu matçda qələbəyə sevinən tərəf olsaq, çempionluq yolunda inamlı addım atmış sayılacağıq. Hər iki komandaya uğurlar arzulayıram. Güclü olan qazansın”.

Qeyd edək ki, “Şəfa” - “Səbail” matçının start fiti saat 14:00-da səsləndiriləcək.

İdman.Biz