“Atletik”ə qarşı oynamış millinin sabiq futbolçusu: “Bütün Azərbaycan “Qarabağ”dan qələbə gözləyir”

Xəbərlər
22 Oktyabr 2025 16:29
41
“Atletik”ə qarşı oynamış millinin sabiq futbolçusu: “Bütün Azərbaycan “Qarabağ”dan qələbə gözləyir”

“UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda bu gün “Atletik”ə qarşı oynayacaq (İspaniya) “Qarabağ”dan hər kəs qələbə gözləyir”.

Bunu “Report”a açıqlamasında, Azərbaycan millisinin və “İnter”in (indiki “Şamaxı”) sabiq futbolçusu Elnur Abdullayev deyib.

2015/2016 mövsümündə “İnter”in heyətində “Atletik”ə qarşı oynamış sabiq yarımmüdafiəçi “Qarabağ” üçün çox çətin olacağını söyləyib:

“Öncə “Qarabağ”a uğurlar arzulayıram. Ümid edirəm ki, qələbə bizim olacaq. Bütün Azərbaycan komandadan qələbə gözləyir. Hazırda “Qarabağ” daha üstün durumda - 6 xalla İspaniyaya yollanıb. Lakin “Atletik”in yaxşı kollektiv olduğunu deyə bilərəm. UEFA Çempionlar Liqasında əvvəlki iki oyunda məğlub olublar. Onlar üçün demək olar ki, final matçıdır. “Qarabağ” üçün çox çətin oyun olacaq. Çünki “Atletik” evdə oynayacaq”.

Veteran futbolçu İspaniya klubunun indi daha güclü olduğunu vurğulayıb:

“Atletik”də İnyaki və Niko Uilyams qardaşları var, təhlükəli futbolçulardır. Ümumiyyətlə, “Atletik” indi daha güclü komandadır. Əsasən təmsil etdikləri bölgənin oyunçularına üstünlük verirlər. “Qarabağ”ın yeganə üstünlüyü odur ki, səfərdə daha yaxşı oynayır. Bütün səfər oyunlarını izləmişəm. Bakıda azarkeş təzyiqii və başqa səbəblərdən həyəcanlı olurlar. Səfərdə isə daha uğurlu çıxış edirlər. Hər halda, düşünürəm ki, “Qarabağ” bu gün uduzmayacaq. Komanda öz oyunu ilə azarkeşləri həmişə qələbəyə inandırıb”.

Qeyd edək ki, “Atletik” - “Qarabağ” matçı Bilbaodakı “San Mames” stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

İdman.Biz