“Barselona”da baş məşqçi Hans-Diter Flik Lamin Yamalla aralarında konflikt yaşanmasına dair mətbuatda dərc edilən xəbərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, alman məşqçi “AS” nəşrinə açıqlamasında yayılan xəbərlərin yalan olduğunu deyib.
O vurğulayıb ki, idman direktoru Dekonun məsələyə müdaxilə etməsi və guya məhz onun xahişindən sonra L.Yamalın PSJ ilə oyunda həyətə salınması - heç bir əsası olmayan cəfəng iddialardır.
16:18
“Barselona”da baş məşqçi Hans-Diter Fliklə yarımmüdafiəçi Lamin Yamal arasında gərginlik artan xətt üzrə inkişaf edir.
İdman.biz “Cadena SER”ə istinadən xəbər verir ki, alman mütəxəssis 18 yaşlı futbolçunu komandanın toplanışına gecikdiyinə görə cəzalandırmaq istəyib və onu PSJ ilə Çempionlar Liqasının oyununa heyətdən kənarlaşdırmaq qərarına gəlib. Lakin baş məşqçinin bu qərarı idman direktoru Deko müdaxilə etdikdən sonra ləğv edilib.
Mənbənin məlumatına görə, Hans Flik prinsipial mövqeyi ilə tanınır və daha əvvəl oxşar intizam pozuntularına görə Jül Kunde, Rafinya və İnyaki Penyanı da oyunlardan kənarlaşdırıb.
Bu dəfə məsələ cəzasız şəkildə həllini tapıb və Yamal PSJ ilə matça start heyətində çıxaraq bütün oyunu meydanda keçirib. Bununla belə, bu hadisə baş məşqçinin avtoritetini sual altına qoyub və komandada daxili fikir ayrılıqlarına səbəb olub.
Klub rəhbərliyi Yamalın meydandan kənardakı davranışından narahatdır. Onların fikrincə, futbolçunun həyat tərzi və son aylarda intizama münasibəti narahatlıq doğurur. Bununla belə, yarımmüdafiəçinin istedadı onu “Barselona”nın idman layihəsinin mərkəzi fiqurlarından birinə çevirib. Futbolçunun müqaviləsi 2031-ci ilə qədər nəzərdə tutulub və o, artıq mövsümün ilk oyunlarında iki qol vurub, dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Klub rəhbərliyi Flikin avtoriteti ilə Yamalın statusu arasında tarazlığı qorumaq və yaranmış qarşıdurmanı yumşaltmaq üçün çalışacaq. Bu vəziyyətin necə həll olunacağı təkcə komandanın paltardəyişmə otağındakı atmosferə deyil, həm də “Barselona”nın mövsümün həlledici mərhələsindəki sabitliyinə təsir göstərəcək.