Elvin Məmmədov: “Şəfa” ilə görüş bizim üçün sıradan bir oyundur”

Xəbərlər
16 Oktyabr 2025 13:42
43
Elvin Məmmədov: “Şəfa” ilə görüş bizim üçün sıradan bir oyundur”

“Bilirdik ki, bizi ağır oyun gözləyir. “Zaqatala” yaxşı komandadır. Üstəlik, o zonada həmişə mübariz futbolçular olub. Allah şükürlər olsun, qolumuzu vurduq və qələbə qazandıq”.

Bu sözləri futbolxeber.az saytına müsahibəsində “Səbail”in baş məşqçisi Elvin Məmmədov I Liqanın V turunda “Zaqatala”nı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, komandasının son 2 turda qol vurmağa çətinlik çəkməsinin səbəbini belə izah edib: “Bunda bir çox amillərin rolu var. Rəqiblər bizə qarşı qapanırlar. Təbii ki, çatışmazlıqlarımız da var. Bunların üzərində işləyirik. Futbolda belə hallar olur. Uzun marafondur, xal itkiləri də olacaq”.

Mütəxəssis çempionluq uğrunda əsas rəqibləri olan “Şəfa”dan itirilən xallara görə geri qalmalarında problem görmür: “Çempionatda yalnız beşinci tur oynanılır. Qarşıda hələ çox oyun var. Biz onlardan 3 xal da geri qala bilərik, yaxud əksinə, “Şəfa”dan önə keçə bilərik. Əsas odur ki, bunu komandaya yansıtmayaq. Bizə kimlərin xal itirməsi maraqlı deyil”.

E.Məmmədov növbəti turda “Şəfa”ya qarşı keçirəcəkləri matça adi qarşılaşma kimi yanaşdıqlarını söyləyib: “Bizim üçün hər bir komanda rəqibdir. Hamısına da hörmətlə yanaşırıq. “Şəfa” ilə görüş də sıradan bir oyunumuzdur. Bəli, matç ətrafında ajiotaj var. Çünki lider komandalar oynayacaq. Lakin bunun öhdəsindən gələcək futbolçularımız var. İnanıram ki, hər şey bizim üçün yaxşı olacaq”.

İdman.Biz