Türkiyədəki legionerimiz: “Niyə də geri qayıtmayım?” - MÜSAHİBƏ

Müsahibə
16 Oktyabr 2025 10:10
39
Türkiyədəki legionerimiz: “Niyə də geri qayıtmayım?” - MÜSAHİBƏ

“Fikrimcə, bu, səhv addım deyildi”.

Türkiyə I liqa təmsilçisi “Serik Belediyespor”da çıxış edən Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkın futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Son oyunlarda meydanda az şans qazanmağınız nə ilə bağlıdır?

– Komandaya bir az gec qoşuldum, bəzi səbəblər var idi. Açığı, az şans qazanmağımın səbəbini mən də dəqiq bilmirəm. Bu, baş məşqçimizin qərarıdır. Mən sadəcə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. İnanıram ki, gələcəkdə daha çox şans qazanacam.

– Komandanız hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Hazırkı mövqeyiniz barədə nə deyə bilərsiniz?

– Turnir cədvəlinə baxsanız, görərsiniz ki, vəziyyət çox sıxdır. 17-ci yer ilə 10-cu yer arasında cəmi 4 xal fərqi var. Bu, bizi qane etmir, daha yüksək pillələrdə qərarlaşmaq istəyirik.

– Mətbuatda yayılan xəbərlərə görə, baş məşqçi Sergey Yuranla yollar ayrılacaq. Bu durum sizin karyeranıza necə təsir göstərə bilər?

– Mən peşəkar futbolçuyam. İşim meydanda baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdir. Kim olur-olsun, fərq etməz. Qalan məsələlər məni maraqlandırmır.

– Hətta iddialara görə, komandadakı türk və rus oyunçular arasında münaqişələrin yaşanır. Bu xəbərlər nə dərəcədə doğrudur, elədirsə gərginliyə səbəb nədir?

– Elə bir şey yoxdur. Hər komandada müəyyən fikir ayrılıqları ola bilər, amma bu, türklər və ruslar arasında deyil. Bu, ümumilikdə futbolun içində olan normal situasiyalardır.

– “Sumqayıt”dakı karyeranız pis davam etmirdi. Yayda “Serik Belediyespor”a keçidinizi səhv addım sayırsınız? Təklif olarsa, yenidən Azərbaycana qayıtmağı düşünürsünüzmü?

– Fikrimcə, bu, səhv addım deyildi. Futbolçuyam, dəyər görəcəyim bir təklif olarsa, niyə də geri qayıtmayım?

– Azərbaycan millisinin son oyunlarına dəvət almamısınız. Sizcə, bunun səbəbi nədir? Hazırkı performansınızın əvvəlkindən zəif olduğu ilə razılaşırsınız?

– Hazırda dəvət almamağımın səbəbi çox güman ki, oynamamağımla bağlıdır. Əgər stabil şəkildə çıxış etsəm, inanıram ki, yenidən dəvət alacam. Əvvəl niyə çağırılmadığımı isə bilmirəm.

– Millimizin başına yeni baş məşqçi Ayxan Abbasov gətirilib. Fransa və Ukrayna ilə oyunları izlədinizmi?

– Ayxan müəllimi təbrik edirəm. Oyunları da izlədim. Ayxan Abbasov futbolçulara özünə inamı qaytara bilən, motivasiya verən bir məşqçidir. Kimliyindən asılı olmayaraq, bütün futbolçularına inanır. Futbolçu üçün ən vacib şey baş məşqçinin ona güvənməsidir. Ona görə də meydanda döyüşkən və inamlı kollektiv görürük.

İdman.Biz