Tramp Bostonu dünya çempionatı oyunlarından məhrum etməklə hədələyib

Xəbərlər
15 Oktyabr 2025 17:54
33
Tramp Bostonu dünya çempionatı oyunlarından məhrum etməklə hədələyib

ABŞ Prezidenti Donald Tramp Boston şəhərini 2026-cı il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək hüququnu ləğv etdirməklə hədələyib.

İdman.Biz xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Qeyd olunur ki, D.Trampın şəhərin meri Mişel Vu ilə münasibətləri soyuqdur. Belə ki, Bostonda tez-tez D.Trampın miqrasiya siyasətinə qarşı aksiyalar təşkil olunur. D.Tramp Mişel Vunu bu aksiyaların qarşısını ala bilməmkdə günahlandırır.

“Boston sakinlərini sevirəm. Bilirəm ki, oyunlara bütün biletlər satılıb, amma sizin pis meriniz var. Əgər kimsə öz işinin öhdəsindən gələ bilmirsə, hesab edirəm ki, şərait təhlükəli qiymətləndiriləcək və dünya çempionatının oyunlarını keçirmək sual altına düşəcək” – deyə Donald Tramp vurğulayıb.

O, həmçinin FIFA prezidenti Canni İnfantinoya zəng edib turnirin oyunlarının başqa yerə köçürülməsini xahiş edə biləcəyini də əlavə edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında 48 yığma iştirak edəcək. Turnir 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz