AFFA Hakimlər Komitəsi referilərə xüsusi tapşırıq verib.
İdman.Biz-in futbolxeber.az-a istinadən xəbərinə görə, hakimlərə tapşırılıb ki, VAR-dan siqnal gəldiyi halda mütləq monitora yaxınlaşmalıdırlar.
Yəni VAR çağırırsa, mütləq epizodun təkrarına baxılmalıdır. Halbuki qaydalara əsasən, baş hakimin VAR-ın müdaxiləsindən imtina etmək hüququ var.
Xatırlayırsınızsa, ötən mövsüm xüsusən Əliyar Ağayevin VAR-ın müdaxiləsinə reaksiya vermədiyi barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, FİFA referisi VAR-ın epizodun incələnməsi ilə bağlı çağırışına məhəl qoymur. Bu, referinin qəbul etdiyi qərarın düzgünlüyünə əminliklə ifadə olunurdu. Lakin bu mövsüm Ə.Ağayev də daxil olmaqla heç bir hakimin belə bir şansı yoxdur.
Hakimlər Komitəsinin qəti tapşırığıdır ki, VAR çağırırsa, mütləq monitora yaxınlaşmalısan. Bu isə hakimin qəbul etdiyi qərarın 99,9 faiz dəyişməsi deməkdir.
Belə çıxır ki, Azərbaycan Premyer Liqasının oyunlarının taleyini meydandakı hakimlər deyil, VAR-da əyləşənlər həll edir.