Ağasəlim Mircavadov: “U-21 millisindəki futbolçuların oyun praktikası yoxdur”

Xəbərlər
15 Oktyabr 2025 15:06
34
Ağasəlim Mircavadov: “U-21 millisindəki futbolçuların oyun praktikası yoxdur”

Demək olar ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvlərinin oyun praktikası yoxdur.

Bu barədə AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Report"a açıqlama verib.

"Şöhrət" ordenli mütəxəssis U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirdiyi son iki matçla bağlı fikirlərini bölüşüb: "Komandanın səfərdə Çexiyaya uduzduğu (0:5) və Bakıda Şotlandiya ilə heç-heçə (3:3) etdiyi matçları stadiondan izləmişəm. U-21 ilə Çexiyaya da yollanmışdım. Rəşad Eyyubov yeni baş məşqçi təyin olunub. 1-2 oyunla nəsə demək olmaz. Amma dəyişikliklər var. Əsas milli və U-21-in oyunçuları yığmada az vaxt keçirirlər. Bu səbəbdən hazırlıq əsasən taktiki gedişlər üzərində qurulur. Fiziki və psixoloji hazırlıq isə klublarda olur. Ümumiyyətlə, gənc futbolçularımız klublarında çox işləməlidirlər. Onları tanıyıram, oyunlarını görmüşəm. Əksəriyyətinin Premyer Liqa təcrübəsi azdır. Ancaq "Şamaxı" klubunda əsas heyət üzvləri var. Digərləri isə çempionatda 20-30 dəqiqə vaxt qazanırlar. Demək olar ki, U-21-in futbolçularında oyun praktikası yoxdur".

Mircavadov oyun praktikasının az olmasının futbolçuların inkişafına təsir etdiyini vurğulayıb: "Oyunçu matçlarda meydana çıxdıqca inkişaf edir. Məşq yalnız növbəti oyuna hazırlıq üçündür. Çexiya ilə səfər qarşılaşmasında səhvlər çox oldu. Bütün bunlar oyun praktikası ilə bağlıdır. Amma Şotlandiya ilə dünənki görüş fərqli idi. Çalışırdılar, qollar da vurdular. Təəssüf ki, sonuncu dəqiqələrdə səhv ucbatından öndə olduqları matçdan heç-heçə ilə ayrıldılar. Çox işləmək lazımdır. Yaddan çıxarmayaq ki, U-21 yığması əsas millinin əvəzedici heyəti sayılır. 1-2 ildən sonra bu futbolçular əsas millidə oynamalıdırlar. Mən demirəm hamısı, heç olmasa, 3-4 nəfər yığmada çıxış edə bilsin. Oyunçuların özündən çox şey asılıdır. Klub məşqçilərindən də çox şey asılıdır. Bu uşaqlarla fərdi işləməlidirlər. Onların matçlarda oynaması vacibdir. Azərbaycan çempionatında legioner limitinin ləğv olunması da təsir edir. Məşqdə hazır olduqlarını göstərməlidirlər ki, klublardakı baş məşqçilər onlara oynamaq imkanı versinlər".

İdman.Biz