Elvin Cəfərquliyev: “Komanda olaraq yaxşı mübarizə apardıq” - MÜSAHİBƏ

Müsahibə
11 Oktyabr 2025 12:23
46
Elvin Cəfərquliyev: “Komanda olaraq yaxşı mübarizə apardıq” - MÜSAHİBƏ

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Parisdə Fransa yığmasına 0:3 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, komandamızın müdafiəçisi Elvin Cəfərquliyev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun barədə çox danışmağa ehtiyac yoxdur, rəqibin gücünü bilirdik. Baş məşqçimiz matçdan əvvəl bizə dedi ki, meydandan mübarizəsiz çıxa bilmərik. Ən azından mübarizə apardıq və əlimizdən gələni etdik. Komanda olaraq yorulmuşuq, amma qarşıdakı Ukrayna oyunu üçün hər şeyi unudub hazırlaşmalıyıq.

- İlk hissəyə artırılan ikinci dəqiqədə qol buraxmasaydınız, başqa nəticəyə ümid etmək olardı?

- Fransa millisi kimi komanda ilə oyunda ilk hissədə top buraxmasaydıq, ikinci yarıda da bunu bacaracağımızı demək çətindir. Ancaq yenə də birinci qoldan sonra həvəsdən düşmədik, komanda olaraq yaxşı mübarizə apardıq.

- Səviyyə baxımından Çempionlar Liqasının oyunu, yoxsa bu matç daha üstündür?

- Düzdür, Çempionlar Liqası da çox səviyyəli turnirdir. Amma komanda olaraq götürsək, biz çox səviyyəli rəqibə qarşı oynayırdıq. Məncə, bugünkü matç daha üstündür.

- Millinin fiziki olaraq yorğun olduğunu gördük. Oktyabrın 13-də Ukrayna ilə oyun var. Həmin görüşdə psixoloji yorğunluq problem yarada bilərmi?

- Düşünürəm ki, çox da ciddi problem yaratmayacaq. Çünki biz belə tempdə oynamağa öyrəşmişik. Həm Çempionlar Liqası, həm milli oyunları... Yaxşı bərpa olunmaq lazımdır ki, növbəti matça yaxşı hazırlaşaq.

İdman.Biz