Qəzənfər Abbasov: “Bunun üçün hər şey edəcəyik”

Xəbərlər
10 Oktyabr 2025 18:53
28
Qəzənfər Abbasov: “Bunun üçün hər şey edəcəyik”

“Ağdaş”la oyununun ilk yarısı dinamik şəkildə keçdi. Hər iki komandanın qol şansları var idi”.

Bu sözləri sport24.az-a açıqlamasında “Qaradağ Lökbatan”ın baş məşqçisi Qəzənfər Abbasov deyib.

Təcrübəli mütəxəssis ötən gün Azərbaycan kubokunun I təsnifat mərhələsində “Ağdaş”la baş tutan görüşü dəyərləndirib: “Bu imkanlardan biz istifadə edə bildik və qollarımızı vurduq. İkinci yarıda rəqibin iki oyunçusu qırmızı vərəqə aldıqdan sonra matç tam bizim nəzarətimizə keçdi. “Ağdaş” heyətində mübarizə əzmi ilə seçilən yaxşı oyunçular var. Lakin qırmızı vərəqələr hesabın bu cür böyük olmasına gətirib çıxardı. Kubokda qarşımıza elə bir məqsəd qoymamışıq. Klub olaraq çempionata köklənmişik və çempion olub Birinci Liqaya qayıtmaq istəyirik. Komandam bütün oyunlara məsuliyyətlə və mübarizə əzmi ilə çıxacaq. Hədəfimiz bəllidir. Çempion olmaq istəyirik, bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Qeyd edək ki, evində keçirdiyi görüşdə “Qaradağ Lökbatan” 8:0 hesablı qələbə qazanaraq II təsnifat mərhələsinə vəsiqəni təmin edib.

İdman.Biz