Fransa-Azərbaycan oyununu idarə edən hakim haqqında maraqlı faktlar - İDMAN.BİZ-in ARAŞDIRMASI

Təhlil
8 Oktyabr 2025 16:30
221
Fransa-Azərbaycan oyununu idarə edən hakim haqqında maraqlı faktlar - İDMAN.BİZ-in ARAŞDIRMASI

2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Fransa və Azərbaycan milli komandaları arasında keçiriləcək oyunun baş hakimi, FIFA referesi, norveçli Rohit Saqqi olacaq. O, daha əvvəl Azərbaycan millisinin iştirak etdiyi oyunu idarə edib və həmin görüşdə komandamız azlıqda qalıb.

İdman.biz-in məlumatına görə, FIFA referesi 2024-cü il oktyabrın 14-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilmiş UEFA Millətlər Liqasının matçında baş hakim olub.

Həmin qarşılaşmada Fernandu Santuşun rəhbərlik etdiyi komanda 1:3 hesabı ilə məğlub olmuşdu. Yeganə qolu Toral Bayramov vurmuşdu.

Norveçli referini yaxşı xatırlayan futbolçulardan biri də Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Mahir Emrelidir. O, həmin matçın 70-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu.

Maraqlıdır ki, Rohit Saqqi Fransa yığmasının iştirak etdiyi oyunda da yer alıb, lakin baş hakim kimi yox. O, bu ilin 20 mart tarixində keçirilən UEFA Millətlər Liqasının Xorvatiya - Fransa (2:0) ilk 1/4 final görüşündə dördüncü hakim funksiyasını yerinə yetirib.

23 martda Fransada baş tutan cavab görüşündə meydan sahibləri iki top vuraraq ümumi hesabı bərabərləşdirib. Ardınca penaltilər seriyasında xorvatlara 5:4 hesabı ilə üstün gələrək növbəti mərhələyə yüksəliblər. Püşkatmanın nəticəsinə əsasən, bu cütün qalibi Azərbaycan, Ukrayna və İslandiya ilə birlikdə D qrupuna düşüb. Beləliklə, demək olar ki, Rohit Saqqi dolayısı ilə Ayxan Abbasovun yetirmələrinin 10 oktyabrda Parisdə Fransa ilə qarşılaşmasına “töhfə verib”.

Xatırladaq ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.

Teymur Tuşiyev

İdman.biz