“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının VII turunda “Brentford”a qarşı keçirilən matçdan (1:0) sonra öz fiziki və psixoloji durumundan danışıb.
İdman.biz xəbər verir ki, görüşdə yeganə qələbə qolunu vuran norveçli forvard formasının ideal vəziyyətdə olduğunu bildirib.
“Deyə bilərəm ki, indiyə qədər heç vaxt özümü bu qədər yaxşı hiss etməmişəm. Düşünürəm ki, əsas məsələ yalnız fiziki deyil, həm də mənəvi baxımdan oyuna hazır olmaqdır.
Oğlum dünyaya gəldikdən sonra özümü daha balanslı hiss edirəm. Artıq futboldan bir qədər uzaqlaşa bilirəm, evə qayıdanda tam rahatlayıram. Buna görə oğluma təşəkkür etməliyəm!”, deyə hücumçu vurğulayıb.
Norveçli ulduz həmçinin “Brentford”la oyunun çətinliyinə də toxunub: “Bu matç mənə 15 il əvvəl ‘Stok Siti’nin Rori Delapla olan oyunlarını xatırlatdı. Onlar çox güclü idilər, hətta mərkəzdən belə uzaq atışlar edirdilər. Biz isə buna hazır idik və vəziyyəti düzgün analiz etdik. Komandam bu işi çox yaxşı gördü və bütün tərif onlara məxsusdur.”
Qeyd edək ki, Holand klub və millidə ardıcıl 9 oyunda qol vurub. Bu göstərici onun karyerasında ən uzun məhsuldarlıq seriyasıdır.