“Mançester Yunayted” Kriştiano Ronaldonun “Old Trafford”a dönüşünə hazırlaşır

Xəbərlər
2 Oktyabr 2025 13:16
34
“Mançester Yunayted” Kriştiano Ronaldonun “Old Trafford”a dönüşünə hazırlaşır

İngiltərənin “Mançester Yunayted” klubu Kriştiano Ronaldonun “Old Trafford”a mümkün qayıdışına hazırlaşır.

İdman.biz xəbər verir ki, “qırmızı şeytanlar” 2025/26 mövsümündə Avrokuboklara düşə bilmədikdən sonra çətin maliyyə problemləri ilə üzləşib.

İngilis klubu, təxminən 100 milyon funt sterlinq gəlir itirib.

İtkiləri kompensasiya etmək məqsədilə klub yoldaşlıq oyunları keçirməyi planlaşdırır və potensial rəqiblərdən biri portuqaliyalı ulduz Kriştiano Ronaldonun oynadığı “Əl-Nasr” ola bilər.

Ronaldo 2022-ci ilin noyabrında Erik ten Haq ilə fikir ayrılıqları səbəbindən “Yunayted”dən ayrılıb. Kristiano o vaxtdan Səudiyyə Ərəbistanının peşəkar liqasında çıxış edir və yaxınlarda “Əl-Nasr” ilə müqaviləsini 42 yaşına qədər uzadıb.

Ayrılığa baxmayaraq, “Yunayted” azarkeşləri onu Premyer Liqa və Çempionlar Liqasında Ser Alex Ferqyuson dövründə qazandığı uğurlara görə hələ də hörmət edirlər.

“The Sun”ın məlumatına görə, klub rəhbərliyi milyonlarla gəlir gətirə biləcək sənədli film layihəsindən imtina edib və alternativ gəlir mənbələrini araşdırmağa yönəlib.

Yoldaşlıq oyunları üçün digər potensial rəqiblər isə “Milan”, “RB Leypsiq”, “Latsio” və “Sevilya” kimi klublar göstərilir.

Klubun həmtəsisçisi Ser Jim Ratcliffe bildirib ki, maliyyə sağlamlaşdırılması və komandaya struktur islahatları üzərində iş davam edir. O vurğulayıb ki, sabitliyə gedən yol uzun olacaq, amma hazırkı məşqçi heyəti artıq klubu həm meydanda, həm də onun hüdudlarından kənarda möhkəmləndirmək üçün addımlar atmağa başlayıb.

İdman.biz