“Kopenhagen” yüksək oyun intizamına malik komandadır. “Qarabağ” bu qarşılaşmada uğur qazanmaq üçün çox diqqətli olmalıdır”.
Bunu fanat.az-a açıqlamasında Ağdam təmsilçisinin və Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov deyib.
Hazırda 2-ci Liqada mübarizə aparan “Şəmkir”i çalışdıran Nadirov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində bu gün baş tutacaq “Kopenhagen” – “Qarabağ” matçı ərəfəsində “köhlən atlar”ın şanslarını dəyərləndirib:
“Danimarka təmsilçisi daha çox 4-4-2 düzümünə güvənir. Amma başqa varianta da üstünlük verə bilərlər. Bakıdakı qarşılaşmada necə oynayacaqlarını heç birimiz dəqiq bilmirik. Rəqib müdafiədə risksiz oynayır. Yəni böyük qüvvə ilə irəli atılan kollektiv deyil. Daha çox kəsərli əks-hücumlardan istifadə edirlər. Hər iki cinahda sürətli futbolçuları var. Oyunlar zamanı cərimə meydançasına cinahlardan asmalar edir, başla qollar vurmağa çalışırlar ki, bu da onlarda yaxşı alınır. Məncə, şanslar 50-nin 50-yədir. “Qarabağ” “Benfika” ilə matçın 30-cu dəqiqəsindən sonra oynadığı futbolu bu görüşdə də sərgiləsə, uğurlu nəticə əldə edə bilər. Əminəm ki, “Kopenhagen” nə qədər diqqətli müdafiə olunsa da, komandamızın qol vəziyyətləri olacaq. Bu vəziyyətlərdən lazımınca faydalanmalıyıq. “Kopenhagen”lə oyunda məhz bu məqam həlledici olacaq”.