“Qarabağ”ın sabiq futbolçusu: “Kopenhagen” çox keyfiyyətli futbol sərgiləyir

Xəbərlər
1 Oktyabr 2025 15:45
35
“Qarabağ”ın sabiq futbolçusu: “Kopenhagen” çox keyfiyyətli futbol sərgiləyir

“Kopenhagen” komandası çox keyfiyyətli futbol sərgiləyir.

İdman.biz “Report”a istinadən xəbər verir ki, bunu “Qarabağ” klubunun sabiq futbolçusu Əfran İsmayılov deyib.

36 yaşlı mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda bu gün baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb: “Bugünkü oyun çətin keçəcək. Çünki rəqib sürətli və dinamik oyuna üstünlük verir. I turda Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə etdikləri matçı (2:2) izləmişəm. Həqiqətən çox keyfiyyətli futbol oynayırlar. Qarşılaşmanın sonuna yaxın qol buraxdılar. Halbuki qələbəyə də layiq idilər”.

İsmayılov Danimarka təmsilçisi ilə dueldə azarkeş dəstəyinin önəmli olacağını söyləyib: “Püşk atılanda da düşünürdük ki, bu komanda ilə görüşdə xal qazana bilərik. “Qarabağ” bu qarşılaşmaya çox ciddi hazırlaşıb. İnanıram ki, ən yaxşı oyunlarından birini sərgiləyəcəklər, qələbə qazanacaqlar, növbəti dəfə tarix yazacaqlar. Çünki hazırda bütün klublar “Qarabağ”ı ciddiyə alır. Bu, bir tərəfdən yaxşı, digər tərəfdən pisdir”.

Qeyd edək ki, “Qarabağ” - “Kopenhagen” matçı bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

İdman.biz