Aslan Kərimovdan günün PROQNOZU

Təxminlər
10 İyul 2024 18:57
722
Aslan Kərimovdan günün PROQNOZU

“Birinci yarımfinal oyununun gərgin keçdiyini gördük. Favorit saydıqlarım finala qədər bir-birilərinə rəqib olduqlarına görə digərlərinin şansları daha da artdı”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

O, Almaniyada keçirilən Avropa çempionatının yarımfinalında bu gün keçiriləcək İngiltərə - Niderland oyununu şərh edib. Təcrübəli mütəxəssisin sözlərinə görə, matçın favoriti böyük britaniyalılardır: “İngiltərənin finala çıxmaq şansının bir balaca çox olduğunu hesab edirəm. Belə düşünməyimə əsas verən onların gözəgəlimli olmasa da, müdafiəyəmeyilli oynamaları, arxada daha böyük qüvvə saxlayıb şanslarından istifadə etmələridir. Çempionat ərzində bu üslubdan istifadə edərək bura qədər gəlib çıxıblar. Niderlandın isə Türkiyə ilə oyun zamanı boşluqlarının olduğunu gördük. Çox yaxşı komandadırlar. Amma “ay-ulduzlular” bir qədər böyük qüvvə ilə irəli atılarkən təhlükəli epizodlar yaradırdılar. Bu oyun əlavə vaxta və penaltilərə də gedə bilər”.

Kərimov bildirib ki, matç qol baxımından kasad olacaq: “İspaniya - Fransa oyununda olduğu kimi qarşılıqlı hücumlar izləyəcəyimizi düşünmürəm. Açıq futbol olmayacaq. Niderland bunu istəsə də, İngiltərə imkan verməyəcək. Bu matça dəqiq hesab demək çox çətindir. Amma cütün qalibinin çempion olacağını da fikirləşmirəm. İspanlar daha öndədirlər. Göstərdikləri oyuna görə Avropa çempionu olmağa çox yaxındılar”.

Qeyd edək ki, Niderland – İngiltərə matçı bu gün saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İspaniya ilə üz-üzə gələcək.

Emin Ağa
İdman.biz