“İsveçrə - İtaliya dueli bərabərsəviyyəli komandaların qarşılaşması olacaq”.
Bunu İdman.bizə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.
O, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında bu gün keçiriləcək iki oyunu şərh edib. Təcrübəli mütəxəssisin sözlərinə görə, İsveçrə - İtaliya qarşılaşmasında aşkar favorit yoxdur: “Düzdür, Appenin təmsilçisinin bir qədər üstünlüyü var. Çünki həmişə görmüşük ki, qrupdan çətinliklə çıxan İtaliya digər mərhələlərdə yaxşı oyun göstərib. Bu baxımdan onlar müdafiəyəmeyilli və əks-hücumda oynayacalar. Amma isveçrəlilər daha çox hücum futboluna üstünlük verirlər. Ona görə burada italiyanların üstünlüyü rəqibi əks-hücumda yaxalamaq olacaq”.
Əsədov bildirib ki, Almaniya – Danimarka görüşündə isə ev sahibləri aşkar favoritdirlər: “Almanlar çempion olacaq gücdədirlər. Danimarka qrupdan çətinliklə də olsa çıxdı. Komanda şəklində oynayan bir kollektivdir. Amma Almaniyanın heyətidə daha çox gənc ulduz futbolçular yer alıb. Onlar da bu çempionatın gedişini dəyişəcək və fikrimcə, mərhələni də onlar adlayacaq”.
Qeyd edək ki, AVRO-2024-ün pley-off mərhələsi bu gün 20:00-da start götürəcək.
Banuçiçək Hüseynli
İdman.biz