AVRO-2024-ün pley-offundakı 8 cütün daha öncə qitə çempionatlarının final mərhələsində 5-nin qarşılaşması olub.
İdman.biz xəbər verir ki, bu 5 cütün 7 matçının biri final, digər 6-sı qruplarda baş tutub.
Almaniya və Danimarka artıq 4-cü dəfə Avropa çempionatında üz-üzə gələcəklər. Daha öncə Bundestim AVRO-1988-də eyni rəqibi 2:0, AVRO-2012-də isə 2:1 hesabı ilə məğlub edib. Danimarkalıların yeganə qələbəsi isə AVRO-1992-nin finalına təsadüf edib. Həmin matçda 2:0 hesablı qələbə ilə komanda çempion tituluna yiyələnib. Yığmaların 4-cü qarşılaşması iyunun 29-da Dortmundda baş tutacaq.
Fransa - Belçika dueli Avropa çempionatlarında ilk dəfə 1984-cü ildə olub. Mişel Platininin 3 dəfə fərqləndiyi oyunda “üçrənglilər” rəqibi 5:0 hesabı ilə darmadağın ediblər. Belçikalılar həmin acı məğlubiyyətin əvəzini iyulun 1-də Düsseldorfda çıxmağa çalışacaqlar.
Niderland yığması rumınları AVRO-2008-də 2 cavabsız qolla məyus edib. Komandaların ikinci dueli 16 il sonra iyulun 2-də Münhendə keçiriləcək.
İngiltərənin Slovakiya ilə qitə yarışında yeganə qarşılaşması 8 il öncə azarkeşləri qol həsrətində qoyub. İndi iyunun 30-da Helzenkirhendə komandalar duellərinin ilk qolunu vurmağa çalışacaqlar.
Hazırkı 1/8 cütlərində olan komandaların ən yaxın zamanda olan rəqabəti isə AVRO-2020-də olub. 4 il öncə İtaliya və İsveçrə yığmalarının qarşılaşması 3:0 hesabı ilə cənubluların xeyrinə başa çatıb. İndi onları iyunun 29-da Berlin dueli gözləyir.
Portuqaliyanın Sloveniya, Türkiyənin isə Avstriya ilə yolları əvvəlki çempionatlarda kəsişməyib. Müvafiq olaraq, Frankfurtda (1 iyul) və Leypsiqdə (2 iyul) bu komandaların Avropa çempionatlarının final mərhələsində ilk rəqabətini izləyəcəyik.
İyunun 30-da Kölndəki İspaniya - Gürcüstan matçı da bu komandaların ilk qarşılaşması olacaq. Gürcüstan qitə yarışında debüt etdiyindən onların daha əvvəl final mərhələlərində üzləşmək şansı da olmayıb.
Vüqar Məmmədov
İdman.biz