Eldəniz Əzizli: "Türkiyə millisinin son oyunundan sonra..."

Təxminlər
24 İyun 2024 15:09
571
Eldəniz Əzizli: "Türkiyə millisinin son oyunundan sonra..."

"Avropa çempionatında Türkiyə millisinin qalib olmağını istəyirəm"

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) deyib.

Üçqat dünya çempionu Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Hər bir oyunu izlədiyini deyən Əzizlinin sözlərinə görə, qitə birinciliyinin yekununu indidən proqnoz vermək çətindir: "Uşaqlıqdan Portuqaliya komandasına azarkeşlik edirəm. Ancaq bu çempionatda daha güclü komandalar var. Onlardan biri İspaniyadır. Bu komandanın hazırkı heyəti çox güclüdür və sürətli futbol oynayırlar. Bundan savayı, Almaniya komandası da mükəmməl futbol nümayiş etdirir. Nəzərə alsaq ki, çempionat Almaniyada keçirilir, bu onlar üçün əlavə stimuldur. Fransanın heyətinə baxanda da güclü futbolçular görürük. Düşünürəm ki, bu üç komandadan biri qalib gələcək. Portuqaliyaya azarkeşlik etsəm də, Avropa çempionatında Türkiyə millisinin qalib olmağını istəyirəm. Amma “ay-ulduzlular”ın son oyunundan sonra məlum oldu ki, çempionluq haqqında nəsə demək çox çətindir. Ümid edirəm ki, qalib olmasa belə Türkiyə bundan sonra daha yaxşı oynayar. Düzü, bu da çətin görünür".

Qeyd edək ki, Türkiyə və Portuqaliya milliləri F qrupunda yer alıblar. “Ay-ulduzlular” 3 xal topladıqları halda, Kriştiano Ronaldonun komandası 6 xalla növbəti mərhələni təmin edib.

Aytac Sahəd
İdman.biz