Almaniyada ürəyimiz onlarla döyünəcək - TƏQDİMAT

Təxminlər
11 İyun 2024 14:38
287
Almaniyada ürəyimiz onlarla döyünəcək - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarış bu həftə start götürəcək.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə sonuncu - F qrupunun komandalarını nəzərdən keçiririk. Azərbaycan millisi bu dəfə də final mərhələsindən kənar qaldığı üçün ölkəmizin böyük hissəsi, az qala hamısı qardaş Türkiyə yığmasına azarkeşlik edəcək. Azərbaycanlı futbolsevərlərin ürəyi Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq komanda ilə döyünəcək.

AVRO-2024-ə namizəd
Türkiyə AVRO-2024-ə vəsiqəni seçmə mərhələdə qazanıb. Amma “ay-ulduzlular” burada oynamaya da bilərdi. Məsələ ondadır ki, qardaş ölkə Avropa çempionatı üçün mübarizəyə xeyli əvvəl başlayıb. Türkiyə final mərhələsinə ev sahibliyi etməyə iki namizəddən biri olub. Lakin səsvermədə Almaniyaya üstünlük verilib. Bu səbəbdən də “ay-ulduzlular” seçmə mərhələyə qatılıb. Onlar yalnız AVRO-2032-yə İtaliya ilə birlikdə ev sahibliyi edəcək.

Baş məşqçi dəyişikliyi ilə Almaniya bileti
Seçmə mərhələnin püşkü Türkiyənin üzünə gülməyib. “Ay-ulduzlular” qrupda Xorvatiya və Uels kimi iddialılarla mübarizə aparmalı olub. Ştefan Kuntsun rəhbərlik etdiyi yığma tsiklin əvvəlində Ermənistanda qələbə qazansa da (2:1), evdə Xorvatiyadan buraxılan iki cavabsız qol həyəcan təbili çalıb. Latviya ilə səfər (3:2), Uelslə ev (2:0) matçlarındakı qalibiyyətlər komandanı toparlayıb. Amma evdə Ermənistanı məğlub edə bilməmək, hətta yenilgidən son dəqiqələrdə qurtulmaq sonda baş məşqçi dəyişikliyinə çıxarıb. Almaniyalı postunu Vinçentso Montellaya verməli olub. Səfərdə Xorvatiyanı 1, evdə Latviyanı 4 cavabsız qolla keçən Türkiyə VIII turda Almaniyaya biletini təmin edib. Sonda Uelsdəki xal itkisi (1:1) də yığmanın 1-ci yeri tutmasına mane olmayıb.

Ardıcıl üçüncü cəhd
Türkiyə ardıcıl 3-cü dəfə Avropa çempionatının final mərhələsində oynayacaq. Lakin AVRO-2016 və AVRO-2020 heç də yaxşı xatirələrlə zəngin olmayıb. “Ay-ulduzlular” hər iki turnirdə qrupda qalmaqla azarkeşlərini üzüb. Bunadək də üç dəfə final mərhələsinə qatılan Türkiyənin debütü qrupda qaldığı AVRO-1996-da gerçəkləşib. Həmin vaxt qrupda qalan milli dörd il sonra 1/4 finala qədər irəliləməyi bacarıb. “Ay-ulduzlular”ın Avropadakı ən böyük uğuru isə 2008-ci ilin yarımfinalı olub. Almaniya ilə görüşün (2:3) son dəqiqəsində buraxılan qol final arzusunun üstündən xətt çəkib.

Türkiyə millisinin qrupdakı oyunları:
18 iyun. Türkiyə - Gürcüstan
22 iyun. Türkiyə - Portuqaliya
26 iyun. Çexiya – Türkiyə

Qeyd edək ki, F qrupunun görüşləri 4 fərqli şəhərdə - Hamburq, Helzenkirhen, Dortmund və Leypsiqdə keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: