Bakıdan Almaniyaya reys - TƏQDİMAT

Təhlil
30 May 2024 19:29
986
Bakıdan Almaniyaya reys - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 15 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə D qrupunun komandalarını nəzərdən keçiririk. Fransanın favorit, Niderlandın iddialı olduğu qrupda Polşa ilə yanaşı, Avstriya da yer alıb.

Millimizin rəqibi
Avstriya millisi AVRO-2024-ə vəsiqəni seçmə mərhələnin VIII turunda əldə edib. Marsel Sabitzerin qolu ilə Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gələn Ralf Ranqnikin yetirmələri Almaniya reysinə biletini Bakıda sifariş etmək hüququ qazanıblar. Bu qələbə sona iki tur qalmış ilk 2 yerdən birinin təmin olunmasına səbəb olub. Seçmə mərhələyə yığmamızla matçdakı 4:1 hesablı qələbə ilə başlayan Avstriya elə millimizlə görüşdə də istəyinə çatıb. Yalnız qrupun qalibi Belçika ilə qarşılaşmalarda (1:1, 2:3) xal itirən "Bizim oğlanlar" digər üç rəqibini asan keçib. Əsas rəqib İsveç (4:1, 1:0) və autsayder Estoniya (1:2, 0:2) da avstriyalıları dayandıra bilməyib.

Ardıcıl 3-cü cəhd
Avstriya millisi ardıcıl 3-cü, tarixində 4-cü dəfə Avropa çempionatının final mərhələsinə qatılacaq. İki dəfə qrupda qalan yığmanın ən yaxşı nəticəsi AVRO-2020-də qeydə alınıb. 1/8 finala qədər irəliləyən avstriyalılar bundan artığına nail olmayıblar. "Bizim oğlanlar" dünya çempionatlarında da acizdirlər. Sonuncu dəfə DÇ-1998-də final mərhələsi görən Avstriyanın yarımfinal oynadığı DÇ-1934 və DÇ-1954 isə artıq uzaq keçmişdə qalıb. Marsel Sabitzer, Arnautoviç, Mihael Qreqoriş kimi çox sayda ulduzlara malik yığma uğur həsrətinə son qoymağa iddialıdır. Amma püşk də onlardan üz döndərib. Seçmə mərhələdə Belçika kimi güclü rəqiblə mübarizə aparan Avstriyanı Almaniyada Fransa və Niderlandla çətin sınaqlar gözləyir. Qrupdan ən yaxşı üçüncülərdən biri kimi çıxmaq da yaxşı heç nə vəd etmir. Bu, qrup qaliblərindən birinə rəqib olmaq deməkdir. Buna görə də Ranqnikin yetirmələri iddialarını elə qrupdan göstərməyə başlamalıdır.

Avstriya millisinin qrupdakı oyunları:
17 iyun. Avstriya - Fransa
21 iyun. Polşa - Avstriya
25 iyun. Niderland - Avstriya

Qeyd edək ki, D qrupunun görüşləri 5 fərqli şəhərdə - Hamburq, Düsseldorf, Leypsiq, Berlin və Dortmundda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz