“Regionlarda velosiped idmanı məktəbləri açılacaq” - Yığmanın baş məşqçisinin İDMAN.BİZ-ə AÇIQLAMASI

8 Sentyabr 2026 17:48
74
“Regionlarda velosiped idmanı məktəbləri açılacaq” - Yığmanın baş məşqçisinin İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycanda məşqçilərin ixtisas səviyyəsinin artırılması istiqamətində işlər aparılacaq və regionlarda velosiped idmanı məktəbləri fəaliyyətə başlayacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş məşqçisi və idman direktoru Vladimir Buşanski bu barədə İdman.Biz-ə açıqlamasında bildirib.

Mütəxəssis Bakıda federasiyanın məşqçilərin fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı keçirdiyi toplantıya regionlardan gələn məşqçilərin sayından məmnun qaldığını deyib. O əlavə edib ki, toplantıda iştirak edən məşqçilər velosipedlərlə təmin olunub, mütəxəssislərdən biri isə paytaxtda işə cəlb edilib.

“Başa düşmək lazımdır ki, onların peşəkar səviyyəsi hələ yüksək deyil. Baza var və biz öz imkanlarımız hesabına onları öyrədəcəyik. Bunun üçün xaricdən mütəxəssislər dəvət etməyə ehtiyac yoxdur. Bundan əlavə, yaxın illərdə regionlarda velosiped idmanı məktəblərinin yaranacağını gözləyirik”, – deyə Buşanski bildirib.

O, Azərbaycanın digər şəhərlərində çalışan həmkarlarına artıq kömək etdiyini, mütəmadi olaraq onlara lazımi vəsaitlər, mühazirələr və digər məlumatlar göndərdiyini vurğulayıb.

İdman direktoru hesab edir ki, hazırda yerli mütəxəssislərin fəaliyyətində əsas çatışmazlıqlardan biri idmançılarla düzgün ünsiyyət qurmaqdır.

“Bundan çox şey asılıdır. Böyük yolun başlanğıcında uşağa idmanla məşğul olmağın sadəcə bədən tərbiyəsi olmadığını anlatmaq çox vacibdir. Nəticə əldə etmək istəyirsinizsə, çox çalışmalısınız, yalnız uşaq əyləncəsi kifayət deyil. Məşqçi üçün ən çətin məsələ sonradan cücərti və bəhrə verəcək toxumu səpməkdir.

Əlbəttə, məşqlər zamanı bütün detallara da diqqət yetirmək lazımdır: velosipedə düzgün oturmaq, pedalları çevirmək və döngələrdən keçmək qaydalarını öyrətmək vacibdir. Mən elə məşqçilər görmüşəm ki, bu məqamları nəzərdən qaçırırlar”, - deyə o qeyd edib.

Vladimir Buşanski idmançıların təhsil almasının da vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, karyeralarını başa vurduqdan sonra idmanda başqa istiqamətdə fəaliyyətlərini davam etdirmələrinə imkan verə bilər.

Məşqçilik praktikasındakı yeniliklərdən danışan mütəxəssis bildirib ki, hazırda Azərbaycanda əsas diqqəti idmançılara və artıq mövcud olan sistemə yönəltmək lazımdır.

“Biz böyük inkişaf yolunun başlanğıcındayıq. İdmançıların sayı nə qədər çox olsa, rəqabət qabiliyyəti də bir o qədər yüksək olacaq. Bundan sonra müəyyən yenilikləri tətbiq etmək mümkün olacaq. Yüksək səviyyəli idmançılarla gücölçən cihazlardan, nəbz göstəricilərindən istifadə edirik... Amma uşaqlar üçün ən vacib məsələ idmanla məşğul olmaq istəyinin çox güclü olmasıdır”, - deyə baş məşqçi sözlərini yekunlaşdırıb.

İdman.Biz