Gəncədə Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarına dəstək məqsədilə yarış keçirilib.
İdman.biz xəbər verir ki, Gəncədə Heydər Əliyev parkında keçirilən yoldaşlıq oyunu və seansda Avropa çempionatının ilk azərbaycanlı qalibi Ülviyyə Fətəliyeva, yeniyetmələr arasında dünya və Avropa çempionu İlahə Qədimova, üçqat Avropa çempionu Qədir Hüseynov və Azərbaycan çempionu (2012-ci il) Vüqar Rəsulov çıxış ediblər.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında tədbirin əhəmiyyətindən bəhs edərək, iştirakçılara uğurlar arzulayıb. Tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov da iştirak edib.
Yoldaşlıq oyununda şahmatçılar hər komandada iki nəfər təmsil olunmaqla duet şəklində mübarizə aparıblar. İki partiyadan ibarət yarışda Ülviyyə Fətəliyeva - Qədir Hüseynov dueti İlahə Qədimova - Vüqar Rəsulov cütlüyünə qalib gəlib 1,5:0,5.
Sonra şahmat ulduzları Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçiriblər.
