Ülviyyə Fətəliyeva "Grand Swiss"də ilk onluğa daxil olub

Xəbərlər
15 Sentyabr 2025 20:31
50
Ülviyyə Fətəliyeva "Grand Swiss"də ilk onluğa daxil olub

Azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva Səmərqənddə (Özbəkistan) keçirilən nüfuzlu “Grand Swiss” turnirini ilk onluqda başa vuraraq rusiyalı şahmatçı Katerina Laqnoya yarışın qalibi olmağa imkan verməyib.

İdman.biz-in məlumatına görə, Fətəliyeva son turda neytral statusda çıxış edən rusiyalı Katerina Laqno ilə bərabərə qalıb.

Nəticədə şahmatçımız 7 xal toplayaraq yekun turnir cədvəlində altıncı yeri tutub. Ümumilikdə Fətəliyevanın Marina Muzıçuk (Ukrayna) və Aleksandra Kostenyuk (İsveçrə) kimi güclü rəqibləri üzərində olmaqla, beş qələbəsi, həmçinin dörd heç-heçəsi və iki məğlubiyyəti var.

Öz növbəsində, digər azərbaycanlı şahmatçı Xanım Balacayeva altı xal toplayaraq 17-ci, Gövhər Beydullayeva isə 4,5 xalla 44-cü yerdə qərarlaşıb.

Qadınların turnirinin qalibi 8 xal toplayan Rameşbabu Vaişali (Hindistan) olub. Katerina Laqno eyni qədər xal toplayıb, lakin o, əlavə göstəricilərə görə hindistanlı şahmatçıdan sonrakı yeri tutub.

Məhz qara fiqurlarda oynayan Ülviyyə Fətəliyeva ilə heç-heçə Laqnonun birinci yerə yüksəlməsinə mane olub.

İdman.biz