Şəhriyar Məmmədyarovdan "Grand Swiss" turnirində ilk qələbə

Xəbərlər
7 Sentyabr 2025 02:16
63
Şəhriyar Məmmədyarovdan "Grand Swiss" turnirində ilk qələbə

Səmərqənddə (Özbəkistan) şahmat üzrə "Grand Swiss" beynəlxalq turniri davam edir.

İdman.biz xatırladır ki, Azərbaycanı bu yarışda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edirlər.

Üçüncü turda Şəhriyar Məmmədyarov və Rauf Məmmədov ilk qələbələrini qazanıblar. Xanım Balacayeva da görüşünü qalibiyyətlə başa vurub. Məhəmməd Muradlı, Aydın Süleymanlı və Ülviyyə Fətəliyeva oyunlarını heç-heçə, Gövhər Beydullayeva isə məğlubiyyətlə başa vurub.

Kişilərin turnir cədvəlində azərbaycanlılar arasında hazırda ən yaxşı nəticə Aydın Süleymanlıdadır - 2 xal və 11-ci yer. Məmmədyarovun da eyni xalı var, lakin o, 31-ci yerdədir. Qadınların yarışında ən yaxşı nəticə Ülviyyə Fətəliyevadadır - 2 xalla 11-ci yer.

Turnirdə 172 şahmatçı iştirak edir. Ümumi mükafat fondu 855 min dollardır.

İdman.biz