Rəsul İbrahimov: "Xaqan Əhməd onlayn yarışlarda iki dəfə Karlseni məğlub edib"

Xəbərlər
17 İyun 2025 12:16
44
Rəsul İbrahimov: "Xaqan Əhməd onlayn yarışlarda iki dəfə Karlseni məğlub edib"

Azərbaycanlı şahmatçı Xaqan Əhmədin dünya reytinqində ikinci olan Hikaru Nakamuranı məğlub etməsi sevindirici və yaddaqalan qələbədir.

İdman.biz xəbər verir ki, bunu "Report"a 13 yaşlı şahmatçının məşqçisi Rəsul İbrahimov deyib.

O, iti zəka sahibinin İngiltərənin paytaxtı Londonda keçirilmiş komandalar arasında rapid üzrə dünya çempionatında ABŞ-li qrossmeysteri məğlub etməsi ilə bağlı fikirlərini bölüşüb: "Bu, sevindirici və yaddaqalan qələbədir. "Chess.com" portalında ənənəvi olaraq hər həftə turnirlər keçirilir. Xaqan Əhmədin də burada təcrübəsi var. Bu turnirləri buraxmamağa çalışır. Hətta onlayn yarışlarda Fabiano Karuananı (ABŞ), iki dəfə isə Maqnus Karlseni (Norveç) məğlub edib. Amma onlayn turnirlər yarıciddi sayılır. Hər halda, orada istər-istərməz fikirlər yarana bilər ki, kimsə elektron vasitələrdən istifad edir. Amma canlı şahmat tamam başqadır".

İbrahimov Xaqanın məşhur şahmatçılarla bir yarışda oynamasının o qədər də əlçatan olmadığını söyləyib: "Fürsətdən istifadə edib “Türk Hava Yolları” komandasına təşəkkür edirəm. Belə bir şərait yaratdıqları üçün onlara minnətdarıq. Bu, təcrübə baxımından şahmatçı üçün çox faydalıdır. Amma qazanılan qələbə tamam başqa sevincdir. Nakamuraya qalib gəlməsi gözlənilməz idi. O, bilts ustası kimi tanınır. Onlayn olsa da, Xaqanın bu şahmatçılarla oynamaq təcrübəsi var".

O, Xaqan Əhmədin perspektivi barədə də danışıb: "İstedadlı uşaqdır. Perspektivi var. Azərbaycan Şahmat Federasiyasının da nəzarətindədir. Amma onun istedadının sürətlə üzə çıxması üçün mütləq sponsor dəstəyinə ehtiyac var. Bu olmasa, yüksəklərə qalxmaq çətindir".

İdman.biz