Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadiy Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev iştirak ediblər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Baku Open - 2025”in tanıtım çarxı nümayiş olunub.
AŞF prezidenti Mahir Məmmədov çıxışında şahmata dövlət tərəfindən böyük diqqət göstərildiyini vurğulayıb: "Azərbaycan dünyada şahmat ölkəsi kimi tanınır. Biz şahmatçılarımızın bütün yaş kateqoriyalarında uğurlarını izləyir və bununla fəxr edirik. Azərbaycanda şahmata böyük dövlət diqqəti var. Federasiyamız adından Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Bildiyiniz kimi, Azərbaycan Şahmat Federasiyası tərəfindən elan olunan turnirlər ilboyu keçiriləcək. Mən çox sevinirəm ki, xüsusilə də bölgələrdən olan şahmatçıların beynəlxalq turnirlərdə oynamaq imkanı olacaq".
Gənclər və idman naziri Fərid Qayıbov tədbirin önəmindən danışıb. O bildirib ki, Bakıda növbəti beynəlxalq yarış başlayır: “Bu il belə beynəlxalq yarışların sayı yeddi olacaq. Aktiv fəaliyyəti izləyirik. Yalnız bir yarışda 700 idmançı iştirak edir. Şahmata daim dövlət dəstəyi olub. İldən-ilə həm qadınlarda, həm kişilərdən beynəlxalq ustalarımızın sayı artır. Biz onlardan növbəti uğurlu nəticələri gözləyirik".
FIDE prezidenti Arkadi Dvorkoviç Azərbaycanda şahmatın inkişafından bəhs edib: "Bakıya ilk səfərim deyil. Qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Bu gün bu yarışdakı iştirakçı sayı Azərbaycanda şahmatın inkişafından xəbər verir. Azərbaycanla Türkiyə qardaş ölkələr olduğu üçün şahmatda da bir-birinə dəstək göstərirlər. Düşünürəm ki, bu əməkdaşlıq ümumi dünya şahmatına öz töhfəsini verəcək".
AŞF-in vitse-prezidenti Faiq Həsənov isə turnir iştirakçılarına uğurlar arzulayıb: "Mən ilk dəfədir ki, ölkəmizdə 700 şahmatçının iştirakını görürəm. Bu olduqca mühüm məqamdır. Veteranlarımızla azyaşlı şahmatçılarımızı bir yarışda görmək məni sevindirir".
Daha sonra rəsmi şəxslər ilk gedişi edib.
Qeyd edək ki, festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edəcək. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçiriləcək.
Festival, həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.
Aytac Sahəd
İdman.biz