Tac uğrunda matçın startına tarixi rakursdan BAXIŞ

Təhlil
25 Noyabr 2024 09:21
86
Tac uğrunda matçın startına tarixi rakursdan BAXIŞ

Bu gün Sinqapurda çinli Dinq Liren və hindistanlı Dommaracu Qukeş arasında dünya şahmat tacı uğrunda matçın ilk partiyası baş tutacaq. Şahmat reytinqinin lideri, indiyədək keçirdiyi 5 titul matçının hamısında qalib gəlmiş norveçli Maqnus Karlsen hazırkı qarşılaşmada Qukeşin ilk zərbəni endirəcəyi təqdirdə qalib gələcəyini bildirib.

İdman.biz titul matçlarında startın necə verildiyini, matçlarda ilk qələbə qazananların sonrakı taleyi ilə bağlı vəziyyəti nəzərdən keçirib.

İndiyədək FİDE-nin parçalanmasına qədər, daha sonra parçalanma ardından Peşəkar Şahmat Assosiasiyasının və FİDE-nin ayrı-ayrılıqda, həmçinin şahmat aləminin birləşməsindən sonra keçirilən bütün rəsmi çempionluq mübarizələrini nəzərə alsaq, Sinqapurda 60-cı çempionluq mübarizəsinin şahidi olacağıq. Doğrudur, daha əvvəl bunlardan birində Sovet şahmatçısı Anatoli Karpov ABŞ şahmatçısı Robert Fişerin matça qatılmaması səbəbindən mübarizəsiz titula yiyələnib.

1834-cü ildə fransalı Lui Laburdonnenin qələbəsi ilə başlayaraq 9 dəfə keçirilmiş, son dördündə Avstriya-Macarıstanı təmsil edən Vilhelm Steynitsin qələbəsi ilə nəticələnmiş və 1876-cı ilə qədər davam etmiş qeyri rəsmi matçları nəzərə almayacağıq. Rəsmi tac matçları 1886-cı ildə elə həmin Steynitsin 14 il öncə qeyri-rəsmi 8-ci matçda üstələdiyi almaniyalı İohan Sukertort üzərində qələbəsi ilə başlayıb. Sonrakı bütün çempionluq mübarizələrinin 3-ü turnir, qalanı matç formatında olub. Ümumilikdə bütün rəsmi versiyalar üzrə 21 şahmatçı çempion tituluna yiyələnib.

Biz matç formatlı mübarizələri nəzərdən keçirək.

İlk partiya 31 dəfə tərəflərin birinin qələbəsi ilə nəticələnib.
Vilhelm Steynits dünya şahmat tarixinin ilk rəsmi titul matçının ilk partiyasındaca qələbə qazanıb. Bunun ardından Suketort ardıcıl 4 qələbə qazansa da, yekunda 20 partiyanın 10-da üstün olaraq, 5-də yenilən Steynits ilk titulu qazanan şahmatçı olub.

Bundan sonra ilk partiyada qələbə daha 30 dəfə müşahidə edilib. Sonuncu uğurlu startı bolqar Veselin Topalov hindistanlı Vişvanatan Anandla matçda edib.

Ümumilikdə 31 belə matçda 24 dəfə startda qalib gələn şahmatçı çempion olub, 7 dəfə uğurlu başlanğıc edən davamını gətirə bilməyib.

Almaniyalı Emanuel Lasker qələbə ilə başladığı 5, Anatoli Karpov isə 4 matçın hamısını titulla başa vurub. SSRİ təmsilçisi Mixail Botvinnik 4, Fransa bayrağı altında çıxış edən Aleksandr Alyoxin 3 uğurlu startın 1-də sonda uduzan tərəf olub.

Vilyam Steynits 4 dəfə matça məğlubiyyətlə başlayıb. 2 dəfə rusiyalı Mixail Çiqorinlə uğursuz başlanğıclı matçı yekunda xeyrinə çevirən ilk dünya çempionu, Laskerlə 2 belə startlı matçını məğlubiyyətlə də başa vurub.

Emmanuel Lasker 1896-cı ildə Vilyam Steynitslə matçın ilk 4 partiyasında ardıcıl qələbələr qazanıb. 1907-ci ildə isə Lasker bunu ABŞ şahmatçısı Frenk Marşalla matçda 3 start oyununda edib. Daha bir ardıcıl 3 start qələbəsini Mixail Botvinnik 1958-ci ildə həmvətəni Smıslovla matçda qazanıb.

Heç-heçə ilə başlayan matçlarda sonrakı turlardan birində ilk qələbəni qazanan şahmatçı 18 dəfə çempion olub, 3 dəfə isə istəyinə çata bilməyib. 2018-ci ildə isə norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Fabiano Karuananın qarşılaşmasında klassik vaxtlı əsas partiyaların heç birində qalib gələn olmayıb. Norveçli şahmatçı tay-brek rapidlərinin hər üçündə qazanaraq, titulunu qoruyub.

İndi isə gözləyək görək Lirenlə Qukeş startı necə verəcək və davamını necə gətirəcəklər.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: