Anar Allahverdiyev: “6-lıq"da yer alsaq, bu, yaxşı nəticə hesab olunacaq”

Xəbərlər
10 Sentyabr 2024 16:26
1 025
Anar Allahverdiyev: “6-lıq"da yer alsaq, bu, yaxşı nəticə hesab olunacaq”

“Komandalarımız kifayət qədər rəqabətli və qüvvətlidir”.

Bunu İdman.bizə şahmat üzrə əməkdar məşqçi Anar Allahverdiyev deyib.

O, sabah Macarıstanın paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında yığmalarımızın şanslarından danışıb. Məşqçi bildirib ki, kişi yığmamızda müəyyən çətinliklər var: “Uzun müddət komandamızın liderlərindən olar Teymur Rəcəbov bu dəfə kapitan kimi fəaliyyət göstərəcək. O, artıq millinin heyətində oyunçu kimi iştirak etmir. Bunun nəticəsində komandaya yeni gənc oyunçular əlavə olunub. Bu nəsildəyişmə prosesi qaçılmazdır. Ona görə də düşünürəm ki, müəyyən problemlər ola bilər. Onu da qeyd edim ki, gənclərimiz Aydın Süleymanlı və Məhəmməd Muradlı kifayət qədər təcrübəli şahmatçılardır. Aydın artıq 2600-dən çox əmsala malikdir. Məhəmməd 2 böyük Open turnirinin qalibi olub. Təbii ki, bu şahmatçılar da əllərindən gələni edəcəklər. Çox ambisiyalı, çox aqressiv şahmatçılardır. Hər zaman gözlənilməz addımlar atmaqla seçilirlər. Yığmamızda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov kimi təcrübəli zəka sahibləri də yer alır. Komandamız kifayət qədər rəqabətli və qüvvətlidir. Kişi yığmamız Şahmat Olimpiyadasında “6-lıq”da yer alarsa, bu, yaxşı nəticə hesab olunacaq”.

Allahverdiyevin qadın yığmamızdan gözləntiləri daha böyükdür: "Son illər qadın yığmamız çox yaxşı nəticələr göstərir. Onlar həm şəxsi, həm də komanda şəxsində uğurlu çıxış edirlər. Son 3 Avropa çempionatında onlar mükafatçılar sırasında yer alıblar. Ülviyə Fətəliyevanın çempionluğu, Günay Məmmədzadənin uğurlu çıxışı, Gövhər Beydullayevanın 20 yaşadək şahmatçılar arasında qızıl medal qazanması yaxşı nəticəyə ümidləndirir. Qadın komandamız yarışa 6-cı nömrə ilə başlayır. Düşünürəm ki, qadın yığmamızın medallar uğrunda mübarizə aparmağa şansları var. Hətta uğurlu çıxış alınarsa, çempionluq uğrunda mübarizə aparmaq üçün şansları var”.
Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək. Yarışda ilk turun partiyaları sentyabrın 11-də keçiriləcək.

Emin Ağa
İdman.biz