Zeynəb Məmmədyarova: “Ülviyyə qarşısına hədəf qoyduqda xarakter göstərir”

Müsahibə
30 Aprel 2024 12:34
385
Zeynəb Məmmədyarova: “Ülviyyə qarşısına hədəf qoyduqda xarakter göstərir”

“Ülviyyə bizi həddindən çox sevindirdi. Yarış qurtaran kimi özünü də təbrik etdim”.

Bunu İdman.biz saytına Azərbaycan millisinin sabiq şahmatçısı Zeynəb Məmmədyarova deyib.

40 yaşlı qrossmeyster Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında tarixi ilki rəsmiləşdirən Ülviyə Fətəliyevanın çempionluğunu dəyərləndirib. O bildirib ki, çempion tituluna yiyələnən idmançı ilkin turlarda çox əla mübarizə aparıb: “Oyunlarının səviyyəsinə, gedişlərinə baxıb aramızda təhlil edirdik. Stabil nəticə və debüt hazırlığı çox gözəl səviyyədə idi. Rahat görünürdü. Üstün vəziyyətlər alırdı. Ülviyyə qarşısına hədəf qoyduqda xarakter göstərir, istədiyinə nail olur. Super nəticədir”.

Məmmədyarova komandanın digər üzvlərinin çıxışlarını da şərh edib: “Turnirin başlanğıcında hamısı yaxşı oynadılar. Bir qədər sürpriz nəticəni Səbinə İbrahimova göstərdi. Çünki o uzun müddət idi ki, şahmat oynamırdı. Özünü yaxşı tərəfdən göstərdi. Gülnar Məmmədova heç-heçələr etdiyi üçün nəticəsi aşağı oldu. Amma ondan da yüksək performans gözləyirdik. İnanıram ki, gələcək yarışlarda özünü toparlayar. Ülviyyə Fətəliyeva çempionatda Gövhər Beydullayevanı da məğlub etdi. Gövhər həmin tur başqası ilə oynasaydı, daha uğurlu ola bilərdi. Avropa çempionatında 2 azərbaycanlı bir-birinə rəqib olanda şahmatçılar arasında xoş hiss olmur. Başqa ölkələrin nümayəndələrinə qarşı özümüzü daha yaxşı göstərə bilirik. Gövhərdən də yaxşı nəticə gözləyirdik”.

Məmmədyarovanın sözlərinə görə, Ülviyyə Beydullayevaya qalib gəldikdən sonra Gövhərin də şansları azalıb: “Günay Məmmədzadənin də uğurlu çıxışına inanırdıq. Amma əsas odur ki, o, fərqləndi. Çox sevinirəm ki, Azərbaycanın qadın şahmatçıları artıq Avropada daha yaxşı nəticələr göstərməyə başlayıblar. Bu yarışda Rusiya idmançıları oynamadılar. Bu da bizim üçün böyük bir şans idi. Amma qızlarımız da əvvəlki deyil. Çox gücləniblər. Ruslar oynasaydı, nisbətən rəqiblər daha güclü olacaqdı. Amma bizim şahmatçılarımızın indiki səviyyəsi güclü qrossmeysterlər arasında nəticə göstərməyə bəs edir”.

Millinin sabiq üzvü uğurun sirrini və gələcək yarışlarda gözləntilərini də açıqlayıb: “Elman Rüstəmov Azərbaycan Şahmat Federasiyasının prezidenti olarkən hər zaman qızlara xüsusi diqqət göstərmək lazımdır, məşqçilərlə çalışmalıdır, mükafatlar yazılmalıdır, deyirdim. Buna səbəb də onların oturub sırf şahmatla məşğul olması idi. Mahir Məmmədov federasiyaya rəhbər seçildikdən sonra isə qadın şahmatçılara böyük köməklər edilir. Azərbaycana çox güclü məşqçilər gətirilir. Onların da buna çox ehtiyacı var idi. Ona görə bu şəraitdən istifadə etməmək günah olardı. Bundan sonra da şahmatçılarımızdan möhtəşəm nəticələr gözləyirik. Xüsusi ilə də mənim üçün çox önəmli olan Olimpiada və komanda yarışlarıdır. Bu yarışda qızlarımız artıq bürünc medal qazanıblar. Millimizdən də daha yüksək nəticə gözləyirəm”.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Avropa çempionu, Günay Məmmədzadə isə ilk “10-luğ”da yer aldığı üçün gələn il Dünya kubokunda iştirak hüququ qazanıb.

Emin Ağa
İdman.biz